ABŞ Maliyyə Sabitliyinə Nəzarət Şurasının (FSOC) iclasında sabitlik risklərini daha yaxşı müəyyən etmək və onlara cavab vermək üçün qeyri-bank maliyyə institutlarının identifikasiyasını asanlaşdıracaq yeni tənzimləyici baza və təlimat qəbul edilib.

İndex.az xəbər verir ki, iclasda ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauel, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) sədri Qari Gensler, ABŞ Federal Əmanətlərin Sığortalanması Korporasiyasının (FDIC) sədri Martin Qruenberq və ABŞ maliyyə naziri Canet Yellen iştirak edib.

ABŞ maliyyə naziri Yellen buradakı çıxışında FSOC-un daha çox ictimai şəffaflığa və analitik ciddiliyə nail olunmasının vacibliyinə diqqət çəkib və bu sənədlərin buna kömək edəcəyini qeyd edib.

Yellen maliyyə sabitliyinin pozulduğu təqdirdə ev təsərrüfatlarına və müəssisələrə zərər verəcək böhranların baş verə biləcəyinə diqqət çəkib.

Bununla yanaşı Yellen, maliyyə gücünü qorumaq üçün sistemi təhdid edə biləcək risklərin yığılmasını izləmək və həll etmək üçün çevik, lakin möhkəm bir quruluşa ehtiyac olduğunu qeyd edib.