“Azərbaycan Beynəlxalq Bankı” (ABB) 2024-cü ilin 3-cü rübü üzrə maliyyə hesabatını açıqlayıb.

İndex.az xəbər verir ki, 2024-cü ilin 3-cü rübündə ABB-nin aktivləri cari ilin əvvəli ilə müqayisədə 231.615 milyon manat azalaraq 13 milyard 436.626 milyon manata enib.

Hesabat dövrü ərzində bankın kredit portfelinin həcmi 6 milyard 87.832 milyon manat təşkil edib. 2024-cü ilin əvvəlində bank tərəfindən müştərilərə 5 milyard 48.771 milyon manat kredit verildiyini nəzərə alsaq, 1 milyard 39.061 milyon manatlıq artımın olduğunu görürük.

Kredit portfelinin strukturuna nəzər saldıqda məlum olur ki, cari ilin 3-cü rübündə istehlak kreditləri 381.617 milyon manat artaraq 1 milyard 751.737 milyon manat, biznes kreditləri 437.167 milyon manat artaraq 2 milyard 941.782 milyon manat, daşınmaz əmlak kreditləri isə 220.278 milyon manat artaraq 1 milyard 394.314 milyon manat təşkil edib.

Beləliklə, ABB-nin kredit portfelinin 48%-dən çoxunu biznes kreditləri təşkil edir.

Cari ilin əvvəlinə nəzərən 2024-cü ilin 3-cü rübündə ABB-nin depozit portfeli 269.056 milyon manat artaraq 9 milyard 665.241 milyon manata yüksəlib.

2024-cü ilin əvvəlində bu göstərici 9 milayrd 396.185 milyon manat idi.

Hesabat dövründə fiziki şəxslərin banka qoyduğu depozitlər 231.053 milyon manat artaraq 2 milyard 385.246 milyon manat olub.

Cari ilin əvvəlində hüquqi şəxslərin banka qoyduğu depozitlər 7 milyard 241.992 milyon manat olduğu halda, 2024-cü ilin 3-cü rübündə bu göstərici 38.003 milyon manat artaraq 7 milyard 279.995 milyon manat olub.

2024-cü ilin 3-ci rübündə ilin əvvəli ilə müqayisədə ABB-nin faiz gəliri azalarkən, faiz xərcləri artıb.

Belə ki, hesabat dövründə ABB-nin faiz gəlirləri 668.070 milyon manat təşkil edib.

Cari ilin əvvəlində bankın faiz gəlirlərinin 779.916 milyon manat olduğunu nəzərə alsaq, 111.846 milyon manatlıq azalmanın olduğunu görərik.

ABB-nin faiz xərcləri isə 2024-cü ilin 3-cü rübündə cari ilin əvvəlinə nəzərən 30.680 milyon manat artaraq 165.627 milyon manat təşkil edib.

Hesabat dövründə ABB-nin dövr üzrə xalis mənfəəti 87.185 milyon manat azalaraq 235.084 milyon manata enib.

2024-cü ilin əvvəlində bankın dövr üzrə xalis mənfəəti 322.269 milyon manat olub.

Xatırladaq ki, ABB 1992-ci ilin 10 yanvarında tam səhmdar cəmiyyət tipli bank kimi fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 1 milyard 225.647 milyon manatdır. Bankın səhmlərinin 96.37%-i Azərbaycan Respublikasına, 0.23%-i “Aqrarkredit” QSC-yə, 0.35%-i hüquqi şəxslərə, 3.05% fiziki şəxslərə məxsusdur.