QHT: Qlobal Şimalın zəngin ölkələri iqlim fəaliyyətləri üçün real pul ödəməlidirlər

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Qlobal Cənub ölkələrində iqlim fəaliyyətlərini aktivləşdirmək üçün yeni iqlim maliyyəsi hədəfinə həsr olunub.

Index.az xəbər verir ki, bunu “ActionAid International” qeyri-hökumət təşkilatının nümayəndələri mətbuat konfransında bildiriblər.

Bildirilib ki, maliyyələşdirmə olmadan iqlim fəaliyyətləri haqqında söhbətlər sadəcə söhbət olaraq qalacaq.

“Deyirlər ki, pulsuz nahar olmur – deməli, pulsuz iqlim hədəfləri də olmur. Əgər biz iqlim fəaliyyətlərinə ciddi yanaşırıqsa, bunun üçün pul ödəməliyik. Məhz bir əsr və ya daha çox müddət ərzində ətraf mühiti çirkləndirən Qlobal Şimalın zəngin ölkələri nəhayət iqlim fəaliyyətləri üçün real pul ödəməlidirlər. İndiyədək bu ölkələr öz öhdəliklərindən yayınıblar.

2022-ci ildə inkişaf etmiş ölkələr birlikdə Qlobal Cənub ölkələrində iqlim fəaliyyətləri üçün yalnız 28-35 milyard dollar məbləğində qrant ayırıblar”, – QHT nümayəndəsi Tereza Anderson bildirib.