Lukaşenko: “ABŞ Belarusda diplomatik mövcudluğunu genişləndirmək istəyir”

ABŞ Belarusdan Minskdəki səfirliyinin işçi heyətini genişləndirməyi xahiş edir.

İndex.az BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Ali Avrasiya İqtisadi Şurasının Rusiyanın Leninqrad vilayətində keçirilən iclasının kuluarlarında “Rossiya” telekanalına müsahibəsində bildirib.

Lukaşenko ABŞ vətəndaşlarının Belarusa səfərlərdən çəkinməsi və dərhal ölkəni tərk etməsi çağırışları ilə bağlı Amerika hakimiyyətinin yenilənmiş tövsiyələrini şərh edərkən vurğulayıb ki, Belarus bundan narahat deyil.

“Bizdə amerikalılar, demək olar ki, yoxdur. Amma nəzərə alın ki, onlar artıq bir ildir səfirlikdə işçi heyətini artırmağı xahiş edirlər. Ona görə də soruşduğunuz məsələ mənim üçün yenilikdir. Amma biz heç kimi Belarusda saxlamırıq. İstəyirlər – qoy bizdə qalsınlar, istəmirlər – deməli, yox”, – prezident qeyd edib.