İqtisadçı: “Kənd təsərrüfatından onun bizə verə biləcəyindən daha çoxunu istəyirik”

“Bizim kənd təsərrüfatından olan gözləntimizi dəyişmədən regionların dayanıqlı inkişafına, qeyri-neft sektorunun daha sürətli artımına və Bakının bu qədər yüklənməsinin qarşısının alınmasına nail olmaq çətin olacaq. Biz kənd təsərrüfatından onun bizə verə biləcəyindən daha çoxunu istəyirik. Bu isə mümkün deyil”.

İndex.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov bildirib

Onun sözlərinə görə, hazırda Azərbaycan iqtisadiyyatının 5.5%-ni kənd təsərrüfatı təşkil edir: “Məşğul əhalinin isə 36%-i kənd təsərrüfatında işləyir. İnkişaf etmək istədiyimiz üşün inkişaf etmiş ölkələrin bu göstəricilərinə nəzər salaq. Kənd təsərrüfatının payı Almaniya iqtisadiyyatında 0,7%, Fransa iqtisadiyyatında 1,9%, İtaliya iqtisadiyyatında 2%, Yaponiya İqtisadiyyatında 1%, İsrail iqtisadiyyatında 2.4%, Kanada iqtisadiyyatında 1,1%, ABŞ iqtisadiyyatında 0,9%, hətta keçmiş SSRİ ölkəsi olan Estoniya iqtisadiyyatında 2,5% təşkil edir. Azərbaycanda isə kənd təsərrüfatı ölkə iqtisadiyyatının 5,5%-nə sahibdir”.

Məşğulluğa baxaq.

Ekspert deyir ki, kənd təsərrüfatının məşğulluqda payı Almaniyada 1,2%, Fransada 2,6%, İtaliyada 3,5%, Yaponiyada 3%, Kanadada 1,6%, İsraildə cəmi 0,7%, Estoniyada 2,6%-dir: “Azərbaycanda isə məşğulluqda kənd təsərrüfatının payı təxminən 36%-dir. Bu qədər böyük  fərqlə ölkəmizdə məşğulluğa töhfə verən bir sektordan bundan artığını istəmək (gözləmək) doğru deyil. Əksinə tarixi və iqtisadi təcrübə göstərir ki, ÜDM-da və məşğulluqda kənd təsərrüfatının payı azalmasa ölkə inkişaf edə bilməz. Yuxarıda adlarını saydığım və saymadığın digər inkişaf etmiş ölkələrin 1960-70-ci illərdə məşğul əhalisinin 30-40%-i kənd təsərrüfatında idi. İllər keçdikcə bu faiz azalır, bu faiz azaldıqca ölkələr daha çox inkişaf edir. Çünki iqtisadi gələcək kənd təsərrüfatının deyil”.

O qeyd edib ki, ölkəmizdə kənd təsərrüfatınnı payının 5-6% olması əslində problem deyil: “7-8%-də ola bilər. Əsas problem odur ki, bu sahənin ÜDM-də payı ilə, məşğulluqdakı payı arasında çox ciddi fərq var.  Bu sahə ÜDM-in 5,5%-nə, məşğulluğun 36%-nə sahiblik edir. Biri digərindən 7 dəfə çoxdur. Amma inkişaf etmiş ölkələrə baxanda görürük ki, bu faizlər bir-birinə çox yaxındır. Məsələn, Estoniyada kənd təsərrüfatı ÜDM-in 2,5%-ni təşkil edir, məşğulluqda payı isə 2,6%-dir, Fransada  1,9% və 2,6%. Və s. Bu vəziyyət o deməkdir ki, ölkə iqtisadiyyatında yaradılan dəyər məşğul olanlar arasında mütənasib bölünür”.

 

E.Əmirov deyir ki, amma Azərbaycanda 5,5%-lik  (təxmini 6 faizlik) iqtisadi pay 36%-lik məşğul əhaliyə düşür: “Bir az da sadə desək, işləyənlərin 36%-nə ümumi pulun 6%-i düşür. Buna görə də kənd təsərrüfatında adambaşına düşən gəlir digər sahələrdən daha az olur. Nəticədə bu bölgünün qane etmədiyi insanlar paytaxta üz tutub sənaye, xidmət və digər sahələrdə işləməyə çalışırlər. Bu da insanların təbii haqqıdır. Bunun da gözlə görünməyən və görünən nəticələri olur. Heç bir iqtisadi savad tələb etməyən və hər kəsin görə biləcəyi nəticə Bakı şəhərinin bu günki vəziyyəti, onun bu qədər yüklənməsidir”.

Ekspertin fikrincə, gec ya tez, ölkə böyük ölçüdə sənayeləşməyə getməli, kənd təssərüfatında məşğulluq səviyyəsi bu ölçüdə saxlanılmamalıdır: “Amma bu 1-2 ilin işi deyil. Minimum 30, maksimum 40 ili əhatə edən ciddi əsaslandırılmış sənayeləşmə strategiyası hazırlanmalıdır. Strategiyaya özündə:  logistik imkanların artırılması üçün barəsində çox danişdığımız dəhlizlər boyunca sənaye şəhərlərinin salınmasını (mövcud şəhərlərin sənayeləşdirilməsini), regionaların potensialına uyğun emal sənayesi (xüsusən kənd təsərrüfatı xammaılna əsaslanan) infrastrukturu yaradılması, bürokratik prosedurların sadələşdirilməsi və mümkünlərin aradan qaldrılması, ev təsərrüfatlarında kiçik emal fəaliyyətlərinə imkan verən hüquqi bazanın yaradılması, ali məktəblərin və müəyyən qurumların 30 il ərzində planlı regionlara daşınması və digər bir çox məsələləri birləşdirməlidir”.

İqtisadçının sözlərinə görə, sənayeləşmə strategiyanın toxunulmazlığı bir Konstitusiya toxunulmazlığı səviyyəsində olmalıdır: “Çünki, 30-40 il ərazində strategiyanın icra edilməsinə məsul olan qurumların rəhbər şəxsləri bir neçə dəfə dəyişək, yeni rəhbərlər gələcək. Hər yeni rəhbərin baxış bucağından və komandasından asılı olmayaraq bu strategiya toxunulmaz qalmalı və icra davam etdirilməlidir. Bir sözlə belə bir strategiyanın icra dəqiqliyi, ölkənin milli təhlükəsizlik məsələlərinin malik olduğu statusa bərabər olmalıdır”.