Azərbaycandan hava nəqliyyatı ilə səfər edənlərin sayı 30% artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan hava nəqliyyatı ilə 42 ölkəyə 3 milyon 105 min 610 nəfər səfər edib.

İndex.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 ölkə (20 %)  724 min 155 sərnişin (30,4 %) çoxdur.

11 ayda Azərbaycandan ən çox sərnişin 848 min 184 nəfər olmaqla Rusiyaya səfər edib. Bu da 1 il əvvələ nisbətən 25,3 % çoxdur. Türkiyəyə 813 min 115 nəfər (+ 17,3 %), Birləşmiş Ərəb Əmirliklərinə isə 375 min 788 nəfər (+39,3 %) sərnişin səfər edib.

Siyahıda daha sonra 184 079 sərnişinlə (+ 35,3 %) Gürcüstan, 107 668 sərnişinlə (9,3 %) Səudiyyə Ərəbistanı, 95 073 sərnişinlə (+ 3,6 dəfə) Hindistan, 87 497 sərnişinlə (+24,8 %) Qazaxıstan, 60 298 sərnişinlə (2 dəfə %) Qətər, 58 min sərnişinlə (+ 85,3 %) İtaliya və 46 056 sərnişinlə (– 20,8%) Özbəkistan qərarlaşıb.

İlk onluğa Hindistan, Qətər və İtaliyanın daxil olması ilə Küveyt (42 707 sərnişin, + 13,9 %), İsrail (41 142 sərnişin, +4,6 %), və Almaniya (40 224 sərnişin, 25,2 %) TOP10-dan çıxıb.

Təkcə noyabrda isə Azərbaycandan hava nəqliyyatı ilə 275 633 sərnişin daşınıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 29,4 % çoxdur.

O cümlədən, ay ərzində Rusiyaya səfər edənlərin sayı 1 il əvvələ nisbətən 10,2 % artaraq 69 min 720 nəfər olub.