Azərbaycan Türkiyəyə qaz nəqlini 10 %-ə yaxın azaldıb

Bu ilin yanvar ayında Azərbaycandan Türkiyəyə ümumilikdə 795,39 milyon kubmetr təbii qaz ixrac edilib.

İndex.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Məlumata görə, bu, 2024-cü ilin ilk ayı ilə müqayisədə 9,38 % azdır.

Bununla da yanvarda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən üçüncü ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 12,39 %-i Azərbaycanın payına düşüb.

Xatırladaq ki, ötən ilin yanvar ayında Azərbaycan Türkiyəyə 877,74 milyon kubmetr təbii qaz ixrac edib.

Ümumilikdə isə yanvarda Türkiyə ümumilikdə 6 milyard 418,88 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2024-cü ilin yanvar ayının göstəricisi ilə müqayisədə 4,1 % çoxdur.

Yanvarda Türkiyəyə qaz ixracına görə ilk yeri Rusiya tutub. İl ərzində Rusiyadan Türkiyəyə 2 milyard 781,41 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2024-cü ilin ilk ayı ilə müqayisədə eynidir.

Yanvarda ikinci yerdə ABŞ qərarlaşıb. Bu ölkə həmin ay Türkiyəyə 1 milyard 576,76 milyon kubmetr qaz nəql edib. 2024-cü ilin yanvar ayı ilə müqayisədə ABŞ-dən Türkiyəyə qaz nəqli 29,42 % artıb.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.