Hindistan elektron hissələrin istehsalına 2,7 milyard dollar sərmayə qoymağı planlaşdırır

Hindistan Nazirlər Kabineti elektron hissələrin istehsalını artırmaq üçün 229,2 milyard rupi (2,7 milyard dollar) məbləğində dövlət subsidiyalarının ayrılmasını təsdiqləyib.

İndex.az xarici mətbuata istinadən xəbər verir ki, bu, displey və kamera modullarında, telefon və noutbuk korpuslarında, çap lövhələrində istifadə olunan hissələrin istehsalına aiddir.

“Plan altı il ərzində qüvvədə olacaq”, – Hindistanın texnologiya naziri Aşvini Vayşnau Nyu-Delidə jurnalistlərə bildirib.

“Bloomberg” agentliyinin məlumatına görə, bu plan elektronika, telekommunikasiya, tibb, istehlakçı cihazları, avtomobil və enerji kimi sektorlara kömək edəcək.

Smartfonların istehsalı üçün oxşar proqram “Apple” və “Samsung Electronics” şirkətlərinin Hindistandan mobil telefonların istehsalını və ixracını artırmasına səbəb olub.