“Apple” yeni “iPhone”u “Samsung” ilə birlikdə hazırlayacaq!

Dünyanın ən böyük texnologiya nəhənglərindən və smartfon istehsalçılarından biri olmaqla yanaşı, “Samsung” həm də qlobal miqyasda ən güclü OLED displey istehsalçıları arasındadır.

İndex.az xəbər verir ki, ABŞ-da yerləşən texnologiya və İT nəhəngi “Apple”, görünür, yeni nəsil “iPhone SE”nin istehsalına dair “Samsung” ilə rəsmi razılığa gəlib.

Cənubi Koreya texnologiya nəhəngi “Samsung”un displey şöbəsi 2025-ci ilin birinci yarısında buraxılması planlaşdırılan dördüncü nəsil “iPhone SE” modelinin OLED displey təchizatçılarına qoşulub.

Bu inkişaf “iPhone SE” seriyasında bir ilkdir, çünki seriyanın bütün əvvəlki modelləri LCD ekranlarla buraxılmışdı. Yeni model həm OLED ekran, həm də “Samsung” patenti ilə gələcək.

“Hankooki Daily”nin məlumatına görə, “Apple displey” təchizatçıları arasında şaxələnir. “Samsung Display”in, eləcə də Çinin BOE və Cənubi Koreyanın “LG Display”in layihəyə daxil edilməsi “Apple”in istehsal gücünü təmin etmək strategiyasının bir hissəsi kimi şərh edilib. Təbii ki, müxtəlif regionlar üçün istehsal xərclərinin azaldılması şirkətin prioritet planlarındandır.

“Apple”in “Samsung”dan asılılığını azaltmaq strategiyası son illərdə diqqətəlayiq bir inkişaf kimi diqqət çəkdi. Şirkət premium seqmentli “iPhone”lar üçün “LG Display”ə, standart modellər üçün isə BOE-yə müraciət etməyə üstünlük versə də, yeni “iPhone SE” ilə bu planlarda dəyişiklik olduğu ortaya çıxır.

BOE-nin “iPhone SE 4” istehsalında ən böyük tədarük payını alacağı gözlənilsə də, “Samsung Display”in layihədəki payının hələ dəqiqləşmədiyi bildirilir. “Apple”in ilk OLED iPad-də həm “LG Display”, həm də “Samsung Display”dən OLED panellərindən istifadə etməsi şirkətin çoxtəchizatçı strategiyasının başqa bir nümunəsi kimi diqqəti çəkir.

Bu əməkdaşlığın smartfon bazarına əhəmiyyətli təsir göstərəcəyi gözlənilir. Xüsusilə orta seqment smartfon bazarında OLED ekranların geniş yayılması digər istehsalçıları da oxşar addımlar atmağa sövq edə bilər. Bu, “Samsung” üçün daha sərfəli maliyyə ili demək olacaq.