Menyuda pizzanın yanında kokain təklif edilən restorana basqın edildi

Alman polisi Düsseldorf şəhərində bir pizzaçının sifarişlərlə birlikdə gizli şəkildə kokain payladığı narkotik şəbəkəsini yaxalayıb.

İndex.az xəbər verir ki, polisin məlumatına görə, restoran menyuda 40 nömrə tələb edən müştərilərə pizza ilə birlikdə kokain verirmiş.

Kriminal direktor Micheal Graf von Moltke şəbəkənin ilk dəfə mart ayında qida müfəttişləri tərəfindən fərq edildiyini açıqladı. Moltke jurnalistlərə bildirib ki, təqib zamanı onun komandası 40 nömrəli pizzanın niyə bu qədər populyar olduğunu tez anlayıb.

Polisin restoran müdirinin mənzilinə basqını zamanı 36 yaşlı şəxsin narkotik paketini pəncərədən atdığı və çantanın  polis əməkdaşlarının əlinə keçdiyi iddia edilir.

Bildirilib ki, çantadan 1,6 kiloqram kokain, 400 qram marixuana və 268 min avro nağd pul aşkar edilib.

İki günlük həbsdən sonra restoran meneceri pizzaxananı yenidən açıb və müstəntiqlərə əməliyyatın tədarük zəncirini izləməyə imkan verərək “40 nömrəli pizza”nın qanunsuz satışını davam etdirdi.

Bir neçə həftəlik araşdırmadan sonra təxminən 150 polis məmuru böyük bir reyd keçirdi, narkotik dəstəsini sıradan çıxardı və 22 yaşlı qruplaşmanın lideri də daxil olmaqla üç şübhəlini saxladı.

Bundan əlavə, 12 şübhəlinin ev və iş yerlərinə də basqın edilib.