Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “PAŞA Holdinq”in dəstəyi ilə həyata keçirilən Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən həyata keçirilən “Cənubi Qafqazda kəndlərin davamlı inkişafı üçün təbii sərvətlərin idarəedilməsi və ekosistem xidmətlərinin qorunması” (ECOserve) layihələri çərçivəsində Kürdəmir rayonundan olan və layihələrə müraciət edən qadın fermerlər üçün təlimlər keçirilib.
İndex.az nazirliyə istinadən xəbər verir ki, 15-17 sentyabr tarixlərində təşkil olunan təlimlərdə Kürdəmir rayonunun Bağman, Garıs-Əyribənd və Karrar kəndlərindən olan və arıçılıq üzrə fəaliyyətə başlamaq istəyən qadın fermerlər iştirak ediblər. Azərbaycan Arıçılar Assosiasiyasının dəstəyi ilə baş tutan təlimlər nəzəri və təcrübi modullardan ibarət olub. Qeyd edək ki, təlimləri və qiymətləndirmələri uğurla tamamlayan qadın fermerlər layihələr çərçivəsində dəstək tədbirlərindən faydalanacaqlar. Belə ki, onlar arıçılıq fəaliyyətinə başlamaq üçün arı yeşikləri və lazımi avadanlıqlarla təmin olunacaqlar. Həmçinin, dəstək göstərilən arıçılar təsərrüfatların dayanıqlığının təmin olunması məqsədilə növbəti 1 il ərzində konsultasiya xidmətindən də yararlana biləcəklər.
AFAQ və “ECOserve” layihələri çərçivəsində birgə əməkdaşlığın məqsədi ekosistem xidmətlərinin mühafizəsi, təbii resurslardan səmərəli istifadə, biomüxtəliflik və iqlimin qorunması, ətraf mühitə zərərsiz tədbirlərin həyata keçirilməsi, kənd əhalisinin sosial rifahının yaxşılaşdırılması üçün bilik mübadiləsinin həyata keçirilməsi və regionda qadınlar tərəfindən idarə olunan arıçılıq təsərrüfatlarının yaradılmasıdır.
Qeyd edək ki, AFAQ layihəsi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların dəstəklənməsi, onların bilik və bacarıqlarının artırılması, maliyyə və digər resurslara çıxışlarının asanlaşdırılması məqsədi ilə icra edilir. Bu günədək layihəyə 600-ə yaxın müraciət daxil olub, 145 müraciətçinin təsərrüfatına baxış keçirilərək qiymətləndirmə sorğusu aparılıb. Layihənin tələblərinə cavab verən ümumilikdə 98 təsərrüfat sahibinə isə müvafiq avadanlıqlar və aktivlərlə dəstək göstərilib. Layihə çərçivəsində dəstək tədbirləri bundan sonra da davam etdiriləcək.
“ECOserve” regional proqramı isə Almaniya Federal Hökumətinin Cənubi Qafqazda prioritet sahələrindən biri olan təbii ehtiyatların qorunması və davamlı istifadəsinə yönəlib. Proqramın əhatə etdiyi sahələrə ekoloji siyasət dialoqu, təhsil və təlim, maarifləndirmə və pilot layihələrin icrası daxildir. Azərbaycanda ECOserve proqramı kənd təsərrüfatı torpaqlarının davamlı istifadəsi sistemlərinin tətbiqinə istiqamətlənib. Proqram Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) tövsiyəsi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən icra olunur.