“Ağıllı kənd”: missiya yerinə yetirilməzdir

“Gələn ilin yanvar ayına qədər Zəngilandakı “ağıllı kənd” hazır olacaq”, 2021-ci ilin iyulunda Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov belə demişdi. Yanvarın ortaları yaxınlaşıb, yəni “yanvara qədər” tarixindən iki həftə keçib, ilk keçmiş qaçqınların ermənilər tərəfindən dağıdılmış 1-ci Ağalı, 2-ci Ağalı və 3-cü Ağalı kəndləri ərazisində salınacaq yeni kəndə köçürülməsi haqqında isə heç bir məlumat yoxdur.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiyalar Mərkəzinin direktoru Əkbər Abbasov obyektin təhvil verilməsi müddətini təxirə salıb. Yanvarın 11-də o, “ağıllı kənd”də məktəb və digər obyektlərin başa çatmaq üzrə olduğu” barədə məlumat verib. “Kənddə dörd sosial binanın tikintisi qısa müddətdə başa çatıb. “Ağllı kənd” layihəsinin həyata keçirilməsi ilə əlaqədar 110 hektardan çox ərazidə tikinti işləri aparılır”, deyə o qeyd edib.

İşlər hələ də davam edir

2021-ci ilin aprelində prezident İ.Əliyev Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyasının işlənib hazırlanması üçün müxtəlif nazirliklərin və idarələrin nümayəndələrindən ibarət işçi qrup yaradılması barədə sərəncam verib. Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri qrupun rəhbəri təyin edilib, bir halda ki, layihənin baş sifarişçisi olaraq Kənd Təsərrüfatı Nazirliyi müəyyən edilib.

2021-ci ilin 6 ayı ərzində Kənd Təsərrüfatı Nazirliyinə “Ağılllı kənd” layihəsinin həyata keçirilməsi üçün 10,8 mln. manat ayrılıb. Nazirlik layihənin əsas icraçısı – Azərbaycanın AS Group İnvestment şirkəti ilə müqavilə bağlayıb. Kənd Təsərrüfatı Nazirliyinin saytında “Ağıllı kənd”in tikintisi, bu layihə üzrə bağlanmış müqavilələr haqqında məlumat və başqa məlumatlar yoxdur. AS Group İnvestment-in saytında Rebuild Karabakh-2021-də “Ağıllı kənd” layihəsinin təqdim edildiyi sərgi stendi haqqında məlumat yerləşdirilmişdi, amma hazırda bu səhifə yoxdur.

Azərbaycanlılar “ağıllı kənd”in tikintisində hər şeyin qaydasında olmadığını ilk dəfə dekabrın sonlarında (2021) videokanala Zəngilanda iki aylıq əmək haqlarının ödənilmədiyini bildirən aldadılmış işçilərdən öyrəndilər. İşçilər Turan-ın müxbiri ilə söhbətlərində As Group İnvestment-in tutduğu Türkiyə şirkəti – subpodratçı tərəfindən aldadıldıqlarını, AS Group-un özünün isə öz işçilərinə maaş ödədiyini və onlarla əmək müqavilələri bağladığını deyiblər. Bu qalmaqal haqqında yazı dərc edildikdən sonra işçilər onlara ödəniləcək məbləği alıblar və yeni il bayramı başa çatdıqdan sonra Zəngilana qayıtmaqdan imtina ediblər. Həmin vaxt artıq 200 yaşayış evi, dörd ikimərtəbəli qeyri-yaşayış binası, 360 şagirdlik məktəb, 60 nəfərlik uşaq bağçası, süni göl və “Arximed qurğusu”ndan ibarət nəhəng obyektin təhvil verilməsi üzrə vaxt öhdəliklərinin pozulacağını gözləmək olardı. Amma azad olunmuş regionda işlərin həyata keçirilməsini maliyyələşdirən vergi ödəyicilərinə tikintidəki çətinliklərin səbəbləri haqqında niyə məlumat verilmir?

Bəlkə də gecikmənin səbəbi 10,8 milyon manatın belə bir tikinti üçün az olmasıdır? Elan saytlarında 2-3 mərtəbəli villaların 2 milyon manata qədər qiymətə satıldığı haqqında təkliflər var. Birinci mərhələdə 1400 nəfərin yaşaması üçün nəzərdə tutulmuş kənd altı şəxsi villa qiymətinə tikilə bilməz ki. İstənilən halda, noyabrın 11-də Azərtac dövlət agentliyinin saytında dərc edilmiş 30-a yaxın fotoşəkildə nəinki 200 yaşayış ev görünmür, hətta 50 evi əks etdirən fotoşəkil belə yoxdur. İctimai Telekanalın bəzi kadrları kvadrokopterdən kamera ilə çəkilmiş videofilmində heç olmasa 100 tikilmiş binanın göründüyü bir kadr belə yoxdur.

Bəs “Ağıllı kənd” əslində nə vaxt açılacaq?

Zəngilanda çalışmış və baş podratçının tutduğu Türkiyə şirkəti tərəfindən əmək qanunvericiliyinin pozulması ilə əlaqədar işdən çıxan inşaat işçisi Səxavət İsmayılov Turan-ın müxbiri ilə söhbətində bildirib ki, layihənin qısa müddətdə təhvil verilməsi qeyri-mümkündür. “Orada ən az 700 mühəndis və fəhlə işləyir. İşlərin qısa müddətdə başa çatacağından söhbət belə gedə bilməz. Ən yaxşı halda dövlətə hər şey 7-8 ay sonra təhvil veriləcək”, deyə S.İsmayılov bildirib.

Bundan əvvəl o, aldadılmış işçilərin Zəngilanı kütləvi şəkildə tərk etdiyini demişdi.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti yanvarın 13-də telefon zənglərinə cavab verməyib. AS Group İnvestment-in nümayəndəsi Günel Əliyeva yanvarın 6-da Turan-dan “Ağllı kənd”in təhvil verilmə müddəti, layihənin maliyyələşdirilməsi, işə qəbul edilmiş işçilərin sayı, işçilərin aldadılmasının səbəbi, işlərin ekoloji yaşayış məntəqəsi konsepsiyasına uyğunluğu ilə bağlı ekspertlərin tənqidi barədə 7 sualdan ibarət məktub alıb. Yanvarın 13-də onunla telefonla danışdığına baxmayaraq, Turan-ın müxbiri şirkətdən cavab ala bilməyib.

Yanvarın 12-də prezident İ.Əliyev yanına dəvət olunmuş telekanalların jurnalistləri qarşısında çıxış edib. O, uzun və ətraflı nitqində digər məsələlərlə yanaşı, məmurlar arasında korrupsiya, kadr dəyişikliklərinin səmərəsizliyi haqqında da danışıb və dövlətdə nöqsanlar haqqında məlumat aldığı mətbuata ümid etdiyini bildirib. Prezidentin sözləri birbaşa hazırda Zəngilanın tarixi Ağali kəndində baş verənlərə aiddir – orada nə isə tikilir, başqa heç nə məlum deyil. Hadisə iştirakçıları baş verənləri ictimaiyyətdən və mətbuatdan gizlədirlər.

Oktyabrın 17-də prezident İ.Əliyev Füzuli rayonunun Dövlətyarlı kəndində salınacaq yeni “ağıllı kənd” layihəsi ilə tanış olub. Kənd təsərrüfatı naziri İnam Kərimov dövlət başçısına və birinci xanıma layihə haqqında məlumat verib. Yaşıl və alternativ enerjinin, “ağıllı idarəetmə” sisteminin tətbiq ediləcəyi “Ağıllı kənd” layihəsinə əsasən, ilk mərhələdə ümumilikdə 450 üç, dörd və beş otaqlı ev tikilməsi nəzərdə tutulur. Burada həmçinin məktəb və uşaq bağçası tikiləcək, kəndin mərkəzində meydan, bazar salınması planlaşdırılır. Kəndin ətrafında “ağıllı kənd təsərrüfatı” sahəsi yerləşəcək. Ən maraqlısı odur ki, evlərin sayına görə “Ağali kəndi”ndən iki dəfə böyük olan “Dövlətyarlı ağıllı kəndi” layihəsinin bu ilin sonlarında təhvil verilməsi vəd edilir. Kənd Təsərrüfatı Nazirliyi müddətlə bağlı yerinə yetirilməsi ötən il Zəngilan rayonundakı kəndlə bağlı verdiyi sözdən daha çox qeyri-mümkün olan vəd edib. Məmurlarımız səhvlərindən dərs çıxarmırlar…

Mənbə: Turan.az