“Xocasən” stansiyasının Bakı-Sumqayıt yolundakı tıxaca təsiri olmayacaq

2014-cü ildən tikintisinə başlanmış Xocasən metrostansiyasının dekabrın 23-də açılışı oldu. Stansiya bənövşəyi xəttin sayca 4-cü stansiyasıdır. Eyni zamanda Xocasən metrostansiyası bənövşəyi xətt üçün depo kimi də fəaliyyət göstərəcək. Bəs bu stansiyanın istifadəyə verilməsi Bakı-Sumqayıt yolundakı tıxacın aradan qaldırılmasına kömək edə biləcəkmi?

Məsələ ilə bağlı ekspert Yasin Mustafa ilə əlaqə saxladıq.

Ekspert İndex.az-a bildirdi ki, metrostansiyanın Bakı-Sumqayıt yolundakı tıxaca köməyi olmayacaq:

“Bu stansiya Xırdalanda yaradılsaydı, sözügedən yoldakı tıxaca 15-20% kömək edərdi. Həmin yer şəhərin girişidir və şəhər girişləri də tıxacların ən çox yarandığı yerdir. Əgər Xırdalandan, Sumqayıtdan gələn sərnişin avtobusları burada sərnişinlərini metrostansiyaya düşürərək geri dönsələr, az da olsa tıxaca köməyi dəyə bilər. Əks halda isə bu metrostansiyanın Bakı-Sumqayıt yolundakı tıxaca yardımı 1%-dən də azdır. Gələcəkdə belə bir stansiya Xırdalanda da yaradılsa və sərnişin avtobusları, eləcə də taksilər öz sərnişinlərini Xırdalan, Xocasən metrostansiyalarına düşürərək geri dönsələr, tıxac müəyyən ölçüdə aradan qalxa bilər”.