Bu dairənin bağlanması sürücülərin yanacaq xərclərini artırır

Xırdalan şəhərinin şimal-şərq tərəfinə girişi təmin edən, “VAZ dairəsi” kimi taninan ərazi bağlanıb. Bu isə həm sürücülərin, həm də sərnişinlərin işini çətinləşdirib.

Index.az xəbər verir ki, dairənin bağlanması ilə yol uzanıb.

Yolun uzadılması isə sürücülərin yanacaq xərclərini artırır.

Hərəkət sxemindəki dəyişiklik sözügedən istiqamətdən Xırdalana daxil olmaq, Bakı Mühəndislik Universitetinə getmək istəyən tələbələrin, o cümlədən həmin istiqamətdə hərəkət edən marşrut avtobuslarının yürüş məsafəsini 4 kilometrdən çox artırıb.

Problem təkcə bununla da bitmir. Hazırda 200 mindən çox insanın yaşadığı Xırdalan şəhərinə Bakı-Sumqayıt yolundan cəmi 3 giriş-çıxış var. Onlardan birində hərəkətin belə əlverişsiz vəziyyətə gətirilməsi onsuz da hərəkət şəraiti bərbad olan, pik saatlarda həmişə sıxlıq yaranan Xırdalan və Masazır dairələrini daha da pis duruma salır. Problemlə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, qeyd edilən ərazidə yeni layihə hazırlanıb və mərhələli şəkildə icra edilir.

Görünür yeni layihə tıxacın qarşısını almaq üçün planlaşdırılsa da sürücülərin yanacaq sərfiyyatını azaltmayacaq.