44 ev 4,4 milyon manata təmir ediləcək

Dövlət Turizm Agentliyi “Quba rayonunda yerləşən “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda qəzalı evlərin təmiri və bərpası (44 ev) işlərinin satın alınması” ilə bağlı keçirdiyi tenderi yekunlaşdırıb.

İndex.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderdə qalib şirkət “Maqro Construction” MMC-nin Azərbaycan Respublikasındakı filialıdır.

Dövlət Turizm Agentliyi qalib şirkət ilə məbləği 4 milyon 397 min 618.1 manat olan müqavilə imzalayıb.

2021-ci ilin May ayında dövlət qeydiyyatına alınmış “Maqro Construction” MMC-nin Azərbaycan Respublikasındakı filialının qanuni təmsilçisi Emrah Ucardır. Filialın hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Əlişir Nəvahi, e 17-dir.