Bugündən etibarən Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi və banklararası pul bazarının aktivləşdirilməsinin ilkin mərhələsində faiz dəhlizinin aşağı həddinin 2,25 faiz bənd azaldılaraq 6,25 faizdən 4 faizə qədər endirib.
İndex.az xəbər verir ki, bu qərarı Bizim.Media-ya şərh edən iqtisadçı ekspert Akif Nəsirli düşünür ki, həmin addım hökumətin donorluq etdiyi banklarda kreditlər üzrə faiz dərəcəsinin də aşağı düşməsinə rəvac verəcək:
“Mərkəzi Bankın faiz dərəcəsini dəyişməsi ölkədə kreditlər üzrə faiz dərəcəsinin də dəyişməsinə gətirib çıxarır. Bu o deməkdir ki, hökumət verdiyi kredit dərəcələrini dəyişdirir. İndiki halda Mərkəzi Bankın faiz dərəcəsini endirməsi müsbət haldır. Azərbaycanda kredit faiz dərəcəsi çox yüksəkdir.
Bu faiz dərəcəsinə də az da olsa təsir edən Mərkəzi Bankın faiz dərəcəsidir. Hökumət kredit portfelinin hardasa 30 faizini maliyyələşdirir. Kredit portfelinin 70 faizi isə depozitlərdən formalaşır.
Bununla belə Mərkəzi Bankın faiz dərəcəsini aşağı salması hökumətin donorluq etdiyi 30 faizlik hissə üzrə seqmentdə kredit faizlərinin aşağı düşməsinə müsbət təsir göstərəcək. Bu addım birbaşa olaraq həmin 30 faizə təsir edəcək. Bununla belə, yerdə qalan 70 faizə də yan təsirləri ola bilər”.