“Azərişıq” Oğuzun bir kəndini qaranlıqda saxlayır, sakinlərə transformator aldırır

Oğuz rayonunun Baş Daşağıl kəndinin yeni massivində məskunlaşan sakinlər sivilizasiyadan kənar, orta əsrlər dövründəki kimi yaşamağa məcbur qalıblar. 100-dən çox təsərrüfatın məskunlaşdığı massivdə nə işıq var, nə qaz…

Sakinlərin düşdüyü ağır durumu İndex.az-a anlatmağa çalışan vəkil Səbuhi Axundov adıçəkilən kənddə insanların çox ağır, çıxılmaz vəziyyətdə qaldıqlarını bildirib:

“Konkret olaraq massivin bir hissəsində işıq yanır, digər hissəsində isə qaranlıqdı. Kənddə yaşayan varlı, imkanlı adamların villasında, hətta at tövləsində belə işıq yanır. Ora ayrıca transformator qoyulub, özü ordan işıq götürür. Qalan sakinlər isə qaranlıqda qalıb. Təsəvvür edin, varlının villasında, at tövləsində işıq var, amma onun arxasında dövlətin qazi üçün tikdiyi evdə işıq, heç elektrik xətti də yoxdur. 10 ilə yaxındır həmin ərazidə 10 minə yaxın insan yaşayır, amma “Azərişıq” onları elektrik enerjisi ilə təmin etmir”.

Yaşayış massivinə elektrik xətlərinin çəkilməsi ilə bağlı sakinlərin dəfələrlə “Azərişıq” ASC-yə müraciət etmələrinə baxmayaraq, problemləri həll olunmur. ASC-dən sakinlərə bildiriblər ki, Baş Daşağıl bələdiyyəsi vaxtilə torpaqları onlara satanda oradan əldə etdiyi gəlirin bir hissəsini “Azərişığ”a verməli idi. Yalnız bundan sonra həmin əraziyə elektirk enerjisi xətləri çəkilər bilər. Bələdiyyə isə öz növbəsində belə bir öhdəliyinin olmadığını bildirib. İki qurum arasında qalan çarəsiz kənd sakinləri isə çıxış yolunu meşələri, ağacları qırıb yandırmaqda görürlər.

Yeri gəlmişkən, ərazidə qaz xətti və mavi yanacaq təminatı da yoxdur. Hüquqşünas deyib ki, bu səbəbdən vətəndaşlar evlərin isidilməsi, su qızdırılması, yemək hazırlanması üçün odundan istifadə edir:

“Ərazi tamamilə meşəliklə əhatə olunub və qışı çox sərt keçir. Yayda isə temperatur 20 dərəcədən yüksək olmur. Bir sözlə, insanlar 21-ci əsrdə kustar üsullarla yaşamağa məcbur ediliblər. Telefona enerji yükləmək üçün evində işıq olan qonşulara xahiş edirlər. Qonşuların soyuducusundan istifadə edirlər. Oradan bir qida məhsulunu götürmək üçün 500 metr məsafə qət edirlər. İnformasiya əldə etmək üçün heç bir imkanları yoxdu, televizor belə yoxdu. Hamamdan söhbət gedə bilməz. Sakinlər kənddən digər yaşayış məntəqələrinə çıxanda sanki mağaradan çıxmış insan təsiri bağışlayırlar. Bu hansı təfəkkürdü?”

S.Axundov qeyd edib ki, hüquqları tapdanan, orta əsrlərdəki kimi yaşamağa məcbur edilən kənd sakinləri qurumlar arasında qalmaqdan beziblər: “Problemi yerli bələdiyyə “Azərişığ” ASC-nin üstünə atır, “Azərişıq” isə bələdiyyənin üstünə atır. Vətəndaş da deyir ki, siz öz aranızda nə edirsiz edin, bu bizi maraqlandırmır, 10 ildi burada yaşayıram, sən bura ən azı elektrik xətti verməlisən ki, mən ona qoşulum. Bunun üçün pul ödəməyə də hazırdılar. Necə olur ki, varlının atını işıqla təmin etmək üçün ayrıca enerji bloku verirsən, amma kasıba deyirsən ki, mən sənə transformator quraşdıra bilmərəm, 500 metr məsafəyə işıq çəkə bilmirsən”.

 

Məsələdən agah olan Oğuz rayon Enerji Təchizatı İdarəsinin rəhbərliyi isə sakinlərə gülməli təklif edib. Bildiriblər ki, pul verin, sizə transformator verək, ya da kömək edək transfromator alın. Üstəlik enerji naqillərini, onların keçdiyi məkanlarda dirəkləri də almalıdılar. Bəs “Azərişıq”, onun yerli İdarəsi niyə öz vəzifəsinin öhdəsindən gəlmir, əvəzində vətəndaşı ağır yük altında qoyur?

 

S.Axundovun sözlərinə görə, bu halda vətəndaş ancaq enerji ötürücüsünə qoşulma xərclərini ödəməlidir: Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 saylı qərarı ilə təsdiq edilmiş “İstehlakçıların lektrik enerjisi alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”na əsasən, texniki şərtlərin verilməsi təmin olunmalıdır.  Amma nədənsə “Azərişıq” bu qaydaları gözardı edib. Deyirlər ki, bir az gözləyin pul ayrılacaq. Bəs inidyədək ayrılan pullar hara gedib? Orada sanki həyat 3 əsr geridədir. İşıqsız, qazsız, informasiyadan kənardadılar. Biz dünyaya Qarabağda, Laçında Kəlbəcərdə dağların başında işıq xətlərinin qurulmasını fəxrlə göstəririk. Amma Oğuzda kəndin işığı yoxdur”.

 

Çıxılmaz durumda olan sakinlər texniki şərtin verilməsi ilə bağlı məhkəməyə müraciət edib. Prosesə Şəki İnzibati Məhkməsində baxılıb. Araşdrıma zamanı məlum olub ki, elektrik enerjisinin çəkilməsi üçün faktiki olaraq 400 metr məsafə mövcuddur. Orada 0,4 kV-luq şəbəkə vardır. Ərazidəki həmin nöqtəyə qoşulma üçün dövlət tərəfindən təminat verilməlidir.

 

“Azərişıq” ASC-nin nümayəndələri məhkəmədə bildiriblər ki, regionlarda aparılan yenidənqurma işləri istiqamətində görülən işlər çərçivəsində Oğuz rayonunun yaşayış məntəqələrinin  10-0,4 kV-luq elektrik veriliş xətlərinin yeni ÖİN tipli kabellərlə əvəz olunması, yem güc transformator məntəqələrinin quraşdırılmasısayğacların “SMART-kart” tipli sayğaclarla əvəz olunması və s. istiqamətdə 2015-2021-ci illərdə xeyli işlər görülüb. Bu işlər çərçivəsində Oğuz rayonu Baş daşağıl kəndini elektrik enerjisi ilə təchiz edən 35/10 kV-luq “Oğuz” yarımstansiyasından çıxan Baş Daşağıl hava xətti 2018-ci ildə yenidən qurulub. Buna görə də ASC iddianın rədd edilməsini istəyib. Lakin iddiaçılar öz tələblərində haqlı olduqlarını sübutlarla təsdiq etdikləri üçün məhkəmədə qalib olublar. Şəki İnzibati Məhkəməsi “Azərişıq” ASC-yə qarşı Oğuzun Baş Daşağıl kəndində yerləşən fərdi yaşayış evinin elektrik təchizatı şəbəkəsinə qoşulması və texniki şərtin verilməsi öhdəliyinin qoyulması ilə bağlı şikayətçinin iddiasını təmin edib.

 

S.Axundov yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilib, digər hissədə verilməməsini ədalətsizlik kimi qiymətləndirib. Eyni zamanda bunun qanunvericiliyə zidd olduğunu, vətəndaşın hüquqlarının pozulması kimi tövsüf edildiyini vurğulayıb:

 

“Bəli, “Azərişıq” regionda  xeyli işlər görə bilər, ancaq məhz həmin yaşayış məntəqəsində iş görməyiblər. Məhkəmə də işə ədalətli baxıb. Həmin kənddə torpaq sahələrində yerləşən fərdi yaşayış evlərinə elektirik təchizatı şəbəkəsinə qoşulması və texniki şərtin verilməsi “Azərişığ”ın borcudur, öhdəliyidir. Qaydalara görə, torpaq mülkiyyətçisi sifarişçidir. İddiaçı yerləşdiyi torpaq sahəsində birbaşa girişi olan fərdi yaşayış evinə elektrik təchizatı şəbəkəsinə qoşulması və texniki şərtin verilməsini tələb etməkdə haqlıdır”.

 

Onu da deyək ki, problemə Enerji Məsələlərinin Tənzimlənməsi Agentliyi də münasibət bildirib. Agentliyin Şəki filialının məhkəməyə ünvanladığı məktubunda qeyd olunub ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsində inşa edilən yaşayış evinin yerləşdiyi əraziyə baxış keçirilərkən inşa edilən evdə enerji təchizatı müəssisəsinə ümumi məxsus olan inventar nömrəli transformator yarımstansiyasına məsafə təqribən 720 metrdir.

 

Beləliklə, demək olar ki, bütün aidiyyatı qurumlarının xəbəri olduğu halda, hələ də Oğuzun Baş Daşağıl sakinləri qaranlıqda qalırlar. Son ümidlərini məhkəmə qərarının icrasına bağlayıblar.