Azərbaycanla Latviya arasında vergi sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə müzakirələr aparılıb.
İndex.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilib ki, Dövlət Vergi Xidmətinin rəisi, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidenti Orxan Nəzərli və Latviya Dövlət Gəlir Xidmətinin baş direktoru Bayba Smite Roçe arasında videoformatda görüş baş tutub.
Görüşdə ikitərəfli əlaqələrin inkişafı və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub. Tərəflər ikitərəfli səviyyədə və IOTA çərçivəsində administrasiyalar arasında birgə fəaliyyətin genişləndirilməsi, vergi sahəsində təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının araşdırılması ilə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edilib ki, tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi hər iki ölkə üçün iqtisadi təcrübələrin təşviqi baxımından mühüm əhəmiyyətə malikdir.
Eyni zamanda, görüşdə rəqəmsal vergi inzibatçılığı, elektron ticarətlə məşğul olan şəxslərin vergiyə cəlb edilməsi, əmək haqqından tutulan gəlir vergisi və sosial ayırmalar, əmlak vergisinin vaxtında və tam şəkildə ödənilməsi, kölgə iqtisadiyyatı ilə mübarizə və ƏDV inzibatçılığı sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.
Bununla yanaşı, qarşılıqlı maraq doğuran digər məsələlər də nəzərdən keçirilib. Tərəflər əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində birgə işləməyə hazır olduqlarını vurğulayıblar.