Bu ilin sentyabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 159 ölkə arasında öncəki ayla müqayisədə 9 pillə irəliləyərək 52.06 MB/S sürətlə 95-ci yerdə qərarlaşıb.
İndex.az “Speedtest Global Index”ə istinadən xəbər verir ki, sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur, axırıncı yeri isə Kuba tutub.
Azərbaycan mobil internetin sürətinə görə avqust ayına nisbətən sentyabrda 3 pillə geriləyərək 55.62 MB/S sürətlə 112 ölkə arasında 48-ci olub. Mobil internetin sürətinə görə birinci yeri BƏƏ, sonuncu yeri isə Yəmən tutub.
Xatırladaq ki, avqustun 15-dən Azərbaycanda genişzolaqlı internet tarifləri üzrə sürət və ödəniş məbləğinə dəyişiklik edilib. GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətlər 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırılıb.
Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayır və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endirilib.
Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif edilir.