İsveçrədə intihar üçün kapsulun ilk dəfə istifadəsi ilə bağlı bir neçə şəxs həbs edilib

İsveçrə polisi “Sarko” adlı intihar kapsulunun istifadəsi ilə bağlı həbslərin edildiyini açıqlayıb.

İndex.az xəbər verir ki, bazar ertəsi sözügedən dizaynın ölkənin şimalındakı Şaffhauzen kantonunda istifadə edildiyi müəyyən edilib.

Polisin əməliyyatla bağlı açıqlama verib: “Şaffhauzen kanton prokurorluğu intihara təhrik və intihara kömək etmək ittihamı ilə bir neçə şəxsə qarşı cinayət işi qaldırıb”.

Nə qədər adamın saxlanıldığı açıqlanmayıb.

İsveçrənin Səhiyyə naziri Elisabeth Baume-Schneider bildirib ki, “Sarko” kapsulunun istifadəsi qanuni deyil, çünki məhsul təhlükəsizlik qanunvericiliyinə uyğun deyil və kapsulda azot qazından istifadə qanunsuzdur.

Evtanaziyanın qanuni olduğu İsveçrədə “Sarko” adlı modul ilk dəfə gündəmə gətirildiyi 2018-ci ildən müzakirə edilir.

İntihar maşını kimi də tanınan dizayn şezlonq kimi oturacaq olan hava keçirməyən kapsuldan ibarətdir.

İstifadəçi uzanıb azot qazı axını təmin etmək üçün düyməni basdıqda proses başlayır. Bu qaz insanın huşunu itirdikdən sonra oksigen çatışmazlığından ölməsinə səbəb olur.

Kapsula girən və stulda uzanan şəxs ölməzdən əvvəl görmək istədiyi son mənzərəni seçə bilər. O, ölüm yerinin İsveçrə Alpları, yoxsa dəniz kənarında bir yer olacağına qərar verə bilər.

“Sarko” nun son versiyası 17 iyul 2024-cü ildə intihara yardımla məşğul olan qeyri-hökumət təşkilatının “Son çarə” adlı media tədbirində təqdim edildi.