“iPhone 16” bu günə qədər ən asan təmir edilə bilən “iPhone” modeli oldu

Yeni “iPhone 16” texnologiya həvəskarları və öz cihazlarını təmir etməyi sevənlər üçün sevindirici təkmilləşdirmələrə malikdir.

İndex.az xəbər verir ki, “iFixit” komandası tərəfindən aparılan təmir araşdırmasına görə, “iPhone 16” “Apple”in bu günə qədər ən çox təmir edilə bilən telefonu olaraq seçilib. Bildirilir ki, bir sıra mühüm dəyişikliklər cihazın təmirini asan və təhlükəsiz edib.

“iPhone 16″da edilən ən diqqətəlayiq dəyişikliklərdən biri batareyanın cihazın içərisində necə qorunduğu ilə bağlıdır. Əvvəlki modellərdə batareyanı yerində saxlamaq üçün zolaqlardan istifadə edilirdi, lakin bu zolaqlar tez-tez qırılır və istifadəçilər batareyanı diqqətlə çıxarmaq istəyərkən partlama riski ilə üzləşirlər.

“Apple” bu problemi həll etmək üçün yeni yapışdırıcıya keçdi. 9-12V DC cərəyanı istifadə edərək, yapışdırıcı boşaldılır və batareya asanlıqla çıxarılır. “iFixit” bu prosesi yeni “FixHub” lehimləmə stansiyaları ilə 12V istifadə edərək uğurla həyata keçirdi və prosesin cəmi bir dəqiqə çəkdiyini bildirir.

Digər mühüm dəyişiklik isə “Apple Watch”da olduğu kimi batareyanın plastik torba strukturunun polad korpusla əvəzlənməsidir. Bu sadə, lakin effektiv yenilik batareyanın təmir və ya dəyişdirilməsi zamanı zədələndiyi təqdirdə partlayış riskini əhəmiyyətli dərəcədə azaldır və təmir prosesini daha təhlükəsiz edir. Məlum olduğu kimi, litium-ion akkumulyatorlar tornavida və ya buna bənzər alətlə deşildikdə oksigenlə reaksiyaya girərək yanar.

Əvvəlki “iPhone” modellərində batareyanı və ya digər daxili komponentləri əvəz etmək üçün ekranı tez-tez çıxarmaq lazım gəlirdi. “Apple”, “iPhone 14″ün əsas modelində cihazın ön və ya arxasından girişə imkan verən dizayn dəyişikliyi etdi. Bu yenilik indi “iPhone 16 Pro” və “Pro Max” modellərinə gətirildi və batareyanın dəyişdirilməsi kimi ümumi təmir işlərini xeyli asanlaşdırdı.

Bütün bu təkmilləşdirmələr nəticəsində “iFixit” “iPhone 16″ya təmir qabiliyyəti baxımından 7 bal verdi. Bu, “iPhone 15″in aldığı 4 xalla müqayisədə böyük irəliləyiş deməkdir. Eyni zamanda, bu xal “iPhone 16″nı “Apple”in indiyə qədər inkişaf etdirdiyi ən asan təmir edilə bilən “iPhone” modeli edir.