“Audi”nin Brüssel fabriki investorlar axtarır

“Audi” şirkəti tezliklə bağlanacağı gözlənilən və rəhbərliklə işçilər arasında problemlərin olduğu Brüssel fabrikinə yeni investorlar axtarır.

İndex.az xəbər verir ki, Belçika mətbuatında yer alan məlumata görə, “Audi” son vaxtlar problemlərlə gündəmə gələn Brüssel obyektinin fəaliyyətinin davam etdirilməsi üçün müxtəlif variantları dəyərləndirib.

Bu kontekstdə, fabrikdə istehsalı davam etdirmək üçün 20 alternativ iş modeli təhlil edildi, lakin obyektin iqtisadi və dayanıqlı şəkildə fəaliyyətini davam etdirməsinə imkan verəcək bir həll tapılmadı.

Bu səbəbdən “Audi” obyekt üçün yeni investorlar axtarmağa başladı.

Alman avtomobil istehsalçısı “Volkswagen Group”a məxsus “Audi” markası, iyul ayında, tələbin azalması səbəbindən lüks seqmentli elektrikli avtomobil modeli Q8-in istehsal edildiyi və təxminən 3 min insanın işlədiyi Brüsseldəki fabrikini yenidən quracağını açıqladı.

“Audi” rəhbərliyi bu ayın əvvəlində “Volkswagen Qrup”u tərəfindən Brüsseldəki fabrikə istehsal üçün heç bir modelin ayrılmadığını elan etdi.

Bu vəziyyət fabrik işçilərini və həmkarlar ittifaqlarını narahat edirdi. İşçilər işə qayıtmayıb və hazır avtomobillərin açarlarını ələ keçiriblər.