Messinin “İnstagram”da paylaşdığı kriptovalyutanın dəyəri 400% artdı!

Kriptovalyutalar hələ də kifayət qədər populyardır. Bu səbəbdən də daim yeni kriptovalyutalar yaranır. Bu layihələr məşhur adların postlarında da yer ala bilir.

İndex.az xəbər verir ki, bunun son nümunəsi əfsanəvi futbolçu Lionel Messi oldu.

Messi bu yaxınlarda öz hekayəsində Solana əsaslı kriptovalyuta “WaterCoin” (WATER) paylaşdı. Bu kriptovalyutanın yüksəlməsinə səbəb oldu.

Lionel Messinin 504 milyon izləyicisi olan nəhəng hesabında paylaşdığı hekayə qısa zamanda trend mövzusuna çevrildi.

Bu paylaşım “WaterCoin”in 3 saat ərzində təxminən 400% artmasına və bütün zamanların ən yüksək səviyyəsinə çatmasına səbəb oldu.

Lakin kriptovalyuta bundan sonra ucuzlaşmağa başlayıb.

Bir neçə saat əvvəl bütün zamanların maksimal həddi 0,00146 dollar olub.

“WaterCoin”, təxmin edə bildiyiniz kimi, zarafat üçün yaradılmış “memecoin”lərdən biridir. Bu yaxınlarda buraxılmış Solana əsaslı token olan layihə, tərtibatçılarına görə su ilə bağlı məsələlərdə məlumatlılığı artırmaq üçün yaradılıb. Onun məqsədi gələcəkdə tam olaraq “Ekoloji sikkə” olmaqdır.

Unudulmamalıdır ki, “WATER” kimi “memecoinlər” çox ciddi risklər daşıyır və investorlarına böyük itkilər verə bilər. İstifadəçilər bu cür sikkələrə investisiya qoyarkən çox diqqətli olmalıdırlar.