“WhatsApp”da mavi işarə ilə hesabınızı təsdiqlədə biləcəksiniz

Keçən il kanallar və şirkətlər üçün təsdiqlənmiş hesab tətbiqini işə salan “WhatsApp”, “oxundu” mənasını verən mavi işarəni təsdiqlənmiş hesablara inteqrasiya etməyi düşünür.

İndex.az xəbər verir ki, “Meta” platformasındakı mavi işarə tətbiqi də “WhatsApp” istifadəçilərinə təklif olunacaq.

“WhatsApp”ın yeni buraxılmış “Android” beta versiyası 2.24.14.18-də aşkar edilən məlumata görə, “WhatsApp” “Meta”nın mavi işarəsinə uyğun olaraq doğrulama sistemini yeniləyəcək. Yeni funksiyanın təxminən bir ay ərzində bütün iOS və “Android” istifadəçilərinə əlavə ediləcəyi gözlənilir.

Bu yeniləmə “Meta”nın platformalarında yoxlama nişanlarını standartlaşdırmaq səyini göstərir. Bu mənada bütün təsdiqlənmiş hesablar həm “Instagram”, həm “Meta”, həm də “WhatsApp”da eyni mavi işarə ilə təmsil olunacaq. Hazırda “Google Play Store”da “WhatsApp”ın beta versiyasından istifadə edirsinizsə, bu funksiyaya artıq daxil olmuş ola bilərsiniz.