Fransa bayrağı Kilian Mbappenin xüsusi maskasına mane olub

2024-cü il Avropa çempionatında Fransanın Avstriya ilə oyununda burnu qırılan Kilian Mbappe məşqlərə başlayıb.

İndex.az xəbər verir ki, Polşa ilə oyuna hazır olması planlaşdırılan hücumçunun bu axşam Hollandiya ilə qarşılaşma ehtimalı da xeyli artıb.

Lakin “İndependent” qəzzeti yazıb ki, 25 yaşlı futbolçunun matçda Fransanın dövlət bayrağının əks olunduğu üçrəngli maskadan istifadə etməsi mümkün olmayacaq.

UEFA qaydaları, xüsusi istisna əldə edilmədiyi halda, matçlarda oyunçular üçün yalnız bir rəngli maskalara icazə verir. UEFA reqlamentinin bir hissəsində deyilir: “Oyun meydanında geyilən tibbi avadanlıqlar tək rəngdə olmalıdır və komanda və ya istehsalçının şəxsiyyətini əks etdirməməlidir”.

Fransa mətbuatında yer alan xəbərlərə görə, Mbappeyə taxmaq üçün bir sıra başqa maskalar hədiyyə edilib, onlardan bəziləri sadə və UEFA qaydalarına uyğun idi. “RMC Sport”, məsələnin Hollandiya ilə oyundan əvvəl Fransanın UEFA ilə keçirəcəyi texniki iclasda müzakirə ediləcəyini açıqlayıb.