Bakı-Mingəçevir-Bakı marşrut xətti üzrə müasir və komfortlu avtobuslar sərnişinlərin istifadəsinə verilib.
İndex.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Mingəçevirə səfərlər artıq “Neoplan” markalı avtobuslarla həyata keçirilir. Avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən saat 08:00 və 11:00-da, Mingəçevir Avtovağzalından isə 14:00 və 17:00-da yola düşür.
Qeyd edək ki, şəhərlərarası sərnişindaşıma xidməti göstərən avtobus parkının yenilənməsi, ictimai nəqliyyatın əlçatanlığının təmin olunması AYNA tərəfindən daim diqqətdə saxlanılır. Mütəmadi olaraq respublika üzrə avtobus parkının təhlili aparılır. Müntəzəm avtobus marşrutları mərhələli qaydada müsabiqəyə təqdim olunur. Müsabiqədə balanslarında müasir və daha yeni avtobusları olan daşıyıcılar qalib gələrək xətlərin istismarını həyata keçirirlər.