Balinalar öləndə niyə bomba kimi partlayır?

Balinalar da bizim kimi məməlilərdir. Lakin onların bizdən fərqləndiyi bir məqam var: öləndə partlayırlar.

Təbii ki, bu vəziyyətin heç də həmişə baş vermədiyini deməliyik.

Bəs hansı hallarda və niyə partlayırlar? İndex.az bu barədə araşdırma aparıb.

Balina öləndə onun immun sistemi artıq işləyə bilmir.

Bu, onların bədənlərini göbələk və bakteriyalara qarşı həssas edir. Ölümlə başlayan prosesdə mikroorqanizmlər balina toxumaları ilə qidalanmağa başlayır.

Proses zamanı müxtəlif qazlar, xüsusilə metan və karbon qazı əmələ gəlir. Ölü balina içərisində qazlar yığılmağa başlayır və zamanla böyük təzyiq yaradır.

Balinaların cəsədlərinin çoxu izolyasiyanı təmin edən qalın yağ təbəqəsi ilə örtülmüşdür.

Qalın qat onları soyuq sudan qoruyur, həm də öləndə qazların çıxmasını çətinləşdirir. Qazların çıxış yolu tapa bilməməsi partlayışa yol açır.

Bu proses adətən bir neçə gündən bir neçə həftəyə qədər davam edə bilər və bir çox amillərdən asılı olaraq dəyişir. Balinanın ölçüsü və hava şəraiti kimi amillər müddətə təsir edə bilər.

Nəticədə içəridə toplanan qazlar yağın altında o qədər böyük təzyiq yaradır ki, balina nəhayət partlayır.