Bu “Tesla” avtomobilini sürmək üçün hindli olmalısınız! Almaniya istehsal edəcək

“Tesla”nın Berlindəki “Gigafactory” sağ sükanlı modellərin istehsalına başlamaqla Hindistan bazarına doğru mühüm addım atdı.

İndex.az xəbər verir ki, məlumatlara görə, bu modellərin bu ilin sonuna kimi Hindistana çatacağı gözlənilir. Bu, Almaniyadakı “Tesla” fabrikindən sağ sükanlı modellərin ilk dəfə istehsal edildiyini göstərir.

İndiyə qədər “Tesla”nın Şanxay fabriki elektrik modellərinin bu xüsusi versiyalarının istehsalını öz üzərinə götürmüşdü. Lakin Berlin fabrikinin bu prosesə cəlb edilməsi Hindistan bazarı və yeni idxal vergisi dərəcələri kontekstində böyük əhəmiyyət kəsb edir.

Keçən ay Hindistan hökuməti avtomobil istehsalçılarının ölkəyə ən azı 500 milyon dollar sərmayə qoyması və üç il ərzində istehsala başlaması şərti ilə elektrik avtomobillərinin idxalına gömrük rüsumlarını aşağı saldı. Yeni qaydaya görə, şirkətlər daha aşağı vergi dərəcələri ilə ildə 8 minə qədər avtomobil idxal edə biləcəklər.

Amerika avtomobil istehsalçısı “Tesla” uzun müddətdir ki, Hindistan bazarı ilə maraqlanır. CEO İlon Mask keçən iyun ayında Nyu-Yorkda Hindistanın Baş naziri Narendra Modi ilə görüşüb. “Financial Times”a görə, aprelin sonuna qədər “Tesla” komandası Hindistanda elektrikli avtomobil fabriki tikmək üçün potensial yerləri qiymətləndirəcək.

Mümkün investisiya məbləğinin 2 ilə 3 milyard dollar arasında olacağı bildirilir. Bu yeni obyektin Maharaştra, Qucarat və ya Tamil Nadu kimi avtomobil istehsal mərkəzləri olan ştatlarda qurulması gözlənilir. “Tesla” ilə Hindistan hökuməti arasında danışıqlar çətin prosesdən keçir.

2022-ci ildə “Tesla” hökumətdən idxal vergilərini azaltmağı xahiş etdi, lakin Hindistan səlahiyyətliləri “Tesla”ya ölkə daxilində istehsal etməyi təklif etdi. Danışıqlara bir müddət ara verildikdən sonra “Tesla” rəhbərlərinin ölkəyə səfərləri ilə yenidən başladılar.