Həmyerlilərimizin Türkiyədə ev alışı 20%-ə yaxın azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan vətəndaşları Türkiyədə 112 mənzil alıblar.

İndex.az Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, 2023-ci ilin iki ayı ilə müqayisədə 26 mənzil və ya 18,8% azdır.

Bununla da, Azərbaycan vətəndaşları Türkiyədə ev alanların siyahısında ilk onluqda 7-ci yerdə qərarlaşıb.

Təkcə fevral ayında Azərbaycan vətəndaşları Türkiyədə 60 mənzil alıblar ki, bu da ötən ilin ikinci ayı ilə müqayisədə 5 mənzil və ya 7,7% azdır.

Ümumilikdə, 2024-cü ilin fevral ayı ərzində Türkiyədə xarici vətəndaşlara 1 865 mənzil satılıb. Bu isə son 1 ilin göstəricisi ilə müqayisədə 1 521 ədəd və ya 44,9% azdır.

Fevralda Türkiyədə ən çox mənzil alanlar yenə də Rusiya vətəndaşları olub. Onlara ötən ay 395 mənzil satılıb. Növbəti yerdə İran vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay Türkiyədə 200 mənzil alıb.

İlk 3-lüyü isə Ukrayna qapadır. Ötən ay Ukrayna vətəndaşları Türkiyədə 105 mənzilə sahib olub.