Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 70-dən artıq ölkəsinə ixrac edilib

2015-ci ildən 2024-cü ilin I rübü də daxil olmaqla sənaye zonalarında 12,74 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 4,1 milyard manatlıq hissəsi ixrac edilib.

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) məlumatına görə, 2024-cü ilin birinci rübündə sənaye zonalarında 640,3 milyon manatlıq satış həyata keçirilib ki, bunun da 223,6 milyonluq hissəsi ixracın payına düşür. Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 14,6 faiz, ixracında isə 28,2 faiz təşkil edib.

Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 70-dən artıq ölkəsinə ixrac edilib.

Eyni zamanda, sənaye zonalarına sahibkarların cəlb edilməsi, investisiyaların yatırılması və yeni iş yerlərinin yaradılması istiqamətlərində müsbət addımlar atılır. 2013-cü ildən indiyədək sənaye zonaları üzrə ümumi investisiya həcmi 7,79 milyard manat olan 142 sahibkarlıq subyektinə rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,7 milyard manatdan çox investisiya yatırılıb və 10.500-dən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 1 milyard manat investisiyanın yatırılması və 6.500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.