İlon Mask süni intellekt şirkətini məhkəməyə verməyə hazırlaşır

Son zamanlar texnologiya dünyası süni intellekt məhsulları ilə gündəmdədir. 2022-ci ilin noyabrında “ChatGPT” ilə başlayan süni intellekt proqramları artmağa davam edir. Proqramın çətir şirkəti olan “OpenAI” son illərin ən sürətlə inkişaf edən şirkətləri sırasındadır.

İndex.az xəbər verir ki, İlon Mask 2015-ci ildə qurulan “OpenAI”nin həmtəsisçilərindən biridir. 2018-ci ildə fikir ayrılıqlarına görə rəhbərliyi tərk edən Mask süni intellekt şirkətini məhkəməyə verməyə hazırlaşır.

Maskın sözlərinə görə, “OpenAI”nin “Microsoft” ilə son ortaqlığı bəzi pozuntular yaradır.

İddia dünən San Fransisko Ali Məhkəməsinə verilib. Maskın sözlərinə görə, “OpenAI” indi təhlükəsiz və faydalı süni intellektin (AI) inkişaf etdirilməsi üzrə ilkin missiyasından uzaqdır və şirkət “Microsoft” tərəfdaşlığının təsiri ilə getdikcə daha çox mənfəət yönümlü təşəbbüslərə diqqət yetirir. Bu vəziyyət ədalətsiz rəqabət mühiti və ictimai maraqlara zidd pozuntular yaradır.