Putin xalqa müraciətində Qərb ölkələrinə xəbərdarlıq etdi

Rusiya prezidenti Vladimir Putin seçkilərə altı həftə qalmış illik müraciətini edib. Putinin ölkəni daha 6 il idarə edəcəyi dəqiq olsa da, rusiyalı dissident Aleksey Navalnının sabah Moskvada baş tutacaq dəfn mərasimi siyasətə kölgə salır.

İndex.az xəbər verir ki, Navalnının həyat yoldaşı Yuliya Navalnaya ərinin ölümündə Putini günahlandırır.

Moskva küçələrində böyük ekranlarda və kinoteatrlarda çıxışı olan Putinin sözlərinin başlanğıc nöqtəsi gələcəyə baxmaq olub. “Rusiyada insanlar Ukraynadakı müharibəni dəstəkləyir” deyən Putin Qərbin Rusiyanı məhv etmək niyyətində olduğunu bildirib.

Putin bəyan edib ki, Rusiyanın milyarderləri və sadə xalqı Ukraynadakı müharibəyə milyardlarla rubl ianə verib.

Putin Ukraynaya silah göndərməyi düşünən Qərb ölkələrinə də xəbərdarlıq edib: “Onlar bilməlidirlər ki, bizim də onların torpaqlarını vura biləcək silahlarımız var və unutmasınlar ki, Rusiya Avropanın ən böyük iqtisadiyyatıdır”.