“Apple” ləğv edilən “Apple Car”a 10 milyard dollar xərcləyib

“Apple” bu yaxınlarda 10 illik gizli “Apple Car” layihəsini ləğv etdiyini açıqladı.

İndex.az xəbər verir ki, “Apple”in bu layihəyə nə qədər pul xərclədiyi və hadisənin təfərrüatları ortaya çıxıb.

“Apple Car” şirkət daxilində “Project Titan” adlandırılsa da, xəbərlərə görə, “Apple” şirkətinin bəzi əməkdaşları bu təşəbbüsün başdan-başa iflasa uğrayacağını bildikləri üçün layihəni “Titanik fəlakəti” adlandırıblar.

“Apple”in planlarına görə, “Apple Car” elektrikli və avtonom sürmə xüsusiyyətlərinə malik lüks avtomobil olacaq, böyük miqdarda istehsal olunmayacaq və yüksək marjaya malik olacaqdı.

Qiymətin isə ən azı 100.000 dollar olması planlaşdırılırdı.

2014-cü ildə istifadəyə verilən və 2024-cü ildə ləğv edilən “Apple Car” layihəsi üçün “Apple”in xərclədiyi pul düz 10 milyard dollardır.

Məlumatlara görə, bu müddət ərzində layihənin rəhbərliyində bir sıra dəyişikliklər edilib.

Rəhbərlikdəki dəyişikliklər isə fikir ayrılıqlarına səbəb olub.