Yüksək texnologiyalar işsizliyi artıracaq

Azərbaycanda əmək bazarında dinamika yüksəldikcə buradakı uyğunsuzluqlar getdikcə dərinləşə bilər. Dövlət Məşğulluq Agentliyinin apardığı təhlillər onu göstərir ki, işəgötürənlər və iş axtaranlar arasında mövcud olan korelyasiya da getdikcə pozula bilər.

İndex.az xəbər verir ki, bu barədə Agentliyin Əmək Bazarının Təhlili və İnkişafı Departamentinin rəhbəri Elman Sadıqov məlumat verib. Onun sözlərinə görə, 2021-ci ilin təhlilləri nəticəsində bu korelyasiyanın 60%-ə yaxın olduğu üzə çıxıb:

“Yəni, iş axtaranların 60%-nin bilik və bacarıqları işəgötürənlərin tələblərinə müəyyən dərəcədə uyğunlaşır. Amma bu uyğunlaşma nisbidir. Məsələn, işəgötürən bir işsizi tam olaraq onu işə götürür və bu uyğunlama hesab oluna bilər. Ancaq bu uyğunlaşmada artıq işəgötürənin nə dərəcədə həmin işçidən razı qalması və yaxud alternativ olmadığında onu seçməsi kimi məqamlar nəzərə alınır. Bunlar çox önəmlidir. Bu, gələcəkdə istehsalın və xidmətin keyfiyyətində öz təsirini göstərir. Çünki xidməti göstərən şəxs nə qədər peşəkar olarsa, xidmətin keyfiyyəti o qədər yüksək olur”.

Hazırda bütün dünyada olduğu kimi Azərbaycanın da əmək bazarında durğunluq yaşandığını deyən E.Sadıqov bunun pandemiya ilə bağlı olduğunu bildirib. İqtisadiyyatların müəyən qədər gözləmə mövqeyində olduqlarını qeyd edib. Eyni zamanda Rusiya-Ukrayna müharibəsi səbəbindən investorların da ehtiyatlı mövqe sərgilədiklərini vurğulayan Departament rəhbəri qarşıdakı illərdə əmək bazarının tələbələrinin dəyişəcəyini də istisna etməyib:

“Ancaq əmək bazarında dinamika yüksəldikcə buradakı uyğunsuzluqlar getdikcə dərinləşəcək. Bizim apardığımız təhlillər onu göstərir ki, bu korelyasiya getdikcə pozulacaq. Azərbaycan bazarında 60%-dən 40% və ya 30%-ə enmə ehtimalı var. Yəni, bazarda yüksək dinamika olduqca, investisiyalar gəldikcə, yeni texnologiyalar tətbiq olunduqca tələblər getdikcə yüksələcək. Digər tərəfdə isə işsizlər öz bilik və bacarıqlarını həmin surətlə artıra bilməyəcəklər. Vəziyyət getdikcə dərinləşə bilər. O səbəbdən də müəyyən addımların atılması, qeyd olunan risklərin yumşaldılması üçün tədbirlər müəyyən olunur və bu istiqamətdə addımlar atılır”.

E.Sadıqov yüksək texnologiyaların tətbiqinin artması ilə müəyyən sahələrdə işsizliyin çoxalmasının da qaçımaz olacağını bildirib. Məsələn, Amazon 2018-ci ildə kassirsiz mağazalar konseptini təqdim edir və kifayət qədər özünü doğruldur. Hesablamalara görə, bunun nəticəsində ABŞ-da 3 milyona yaxın kassir işsiz qala bilər. E.Sadıqov müxtəlif istiqamətlərdə texnologiyaların tətbiqi ilə işsizliyin sayının artması ehtimalını istisna etməyib:

“Düşünürəm ki, gələcəkdə iqtisadiyyatın strukturu da bunlardan asılı olaraq dəyişəcək. Həmin işsiz şəxslərin təminatı dövlətlər üçün prioritet olacaq. Burada köklü dəyişikliklərin olacağı gözlənilir. Digər tərəfdən, iqtisadiyyatların inkişafı ölkələr arasında qeyri-bərabər olacaq. Bu vəziyyət getdikcə davam edəcək. Bəziləri inkişafdan geri qalacaq, bəziləri zəif inkişaf edəcək. Bəzilərinin isə inkişafı daha da surətli olacaq və öləkəlr arasında əmək bazarında mobillik olacaq. Ona görə də bizim də bu istiqamətdə təhlillərimiz davam edir. Düşünürəm ki, ölkəmizdə əmək bazarına diqqət daha da artacaq”.