Səudiyyə Ərəbistanında yeraltı göydələn inşa ediləcək

Səudiyyə Ərəbistanında 170 km uzunluğunda xətt formalı futuristik və çılğın şəhər layihəsi olan “The Line” ilə eşitdiyimiz NEOM daha bir çılğın layihəni açıqladı.

İndex.az xəbər verir ki, Səudiyyə Ərəbistanının regional inkişaf təşəbbüsü olan NEOM, Aqaba körfəzi sahil xətti boyunca 450 metr yüksəklikdəki dağ silsiləsinin ətəyində yerin altında uzanan 100 metr dərinlikdə “yeraltı göydələn” layihəsini elan etdi.

“Aquellum” adlı layihənin düz yanında tikiləcək dünyanın ilk üzən marinasından öz qayıqları və yaxtaları ilə yola çıxan ziyarətçilər, gizli yeraltı kanal vasitəsilə nəhəng yeraltı şəhərə çata biləcəklər. Su ilə dolu yeraltı mağara şəklində olan futuristik layihə haqqında deyilə biləcək yeganə şey budur.

Bu yeraltı şəhərdə otel otaqları, mənzillər, mağazalar, muzeylər, əyləncə məkanları və sosial sahələrlə yanaşı, “Generator” adlı tədqiqat laboratoriyası da fəaliyyət göstərəcək. Bugünkü tikinti texnikasının sərhədlərini aşaraq tikiləcək “Aquellum” adından söz etdirəcək bir layihə kimi görünür.