Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Subsidiya Şurası fermerlərin dizel yanacağı ilə bağlı artan xərclərini kompensasiya etmək məqsədilə əkin subsidiyası əmsallarını artırıb.
İndex.az nazirliyə istinadən xəbər verir ki, dizel yanacağının qiymətindəki dəyişikliklərin kənd təsərrüfatına mümkün təsirini aradan qaldırmaq məqsədilə dövlət tərəfindən fermerlərə stimullaşdırıcı dəstək tədbirləri davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi tapşırığa əsasən, Aqrar Subsidiya Şurası kənd təsərrüfatı bitkiləri üzrə 2021-ci ildə fermerlərə əlavə əkin subsidiyası verilməsi barədə qərar qəbul edib. Şuranın qərarında yeni əkin əmsalları öz əksini tapıb. Əkin əmsallarının artırılması Tarif (qiymət) Şurasının dizel yanacağının qiymətinə etdiyi dəyişiklik nəticəsində fermerlərin bitkilərin becərilməsi ilə bağlı yaranmış əlavə xərclərini kompensasiya etmək məqsədi daşıyır. Bu məqsədlə hökumət tərəfindən 2021-ci ilin dövlət büdcəsində əlavə vəsaitin ayrılması nəzərdə tutulur.
Hazırda fermerlərə bitkiçilik sahəsində subsidiya ödənişləri davam edir. Fermerlərə ilkin mərhələdə ötən ilin yekununda təsdiqlənmiş məbləğlər üzrə subsidiyalar ödənilir, yeni əkin əmsalına uyğun artırılmış subsidiya məbləğinin ödənişi isə cari il ərzində həyata keçiriləcək.
Qeyd edək ki, fermerlərə verilən əkin subsidiyasının 25 faizi nağd formada, 75 faizi isə nağdsız formada mineral gübrə, biohumus, pestisid, sertifikatlı toxum və ting alınmasına sərf edilə bilər. Əkin subsidiyası fermerlərin qeyd edilən istehsal vasitələrinin alınması ilə bağlı xərclərinin bir hissəsini kompensasiya edir. Əkin əmsallarının artırılması fermerlərin qeyd edilən istehsal vasitələrinin alınması ilə bağlı xərclərinin əkin subsidiyası hesabına daha böyük hissəsini qarşılamağa və bununla da dizel yanacağının qiymətinin artmasından yaranan əlavə xərclərini kompensasiya etməyə imkan verəcək.
Subsidiyalar fermerlərə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən verilir.
Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2021-ci ildə kənd təsərrüfatı bitkiləri üzrə yeni əkin əmsalları və əkin subsidiyasının məbləği aşağıdakı kimi müəyyən edilib:
Bitki növləri 09.12.2020 təsdiqlənən əkin əmsalı Əkin subsidiyası (manat/ha) Yanacağa görə əlavə (manat/ha) Yeni əkin əmsalı Cəmi əkin subsidiyası (yeni) (manat/ha)
Buğda:
əkin sahələrinin 20 hektarından çox olmayan hissəsinə görə 1,0 200 40 1.2 240
əkin sahələrinin 20 hektarından çox olan hissəsinə görə 0,8 160 20 0.9 180
Çəltik 1,4 280 40 1.6 320
Soya 1,3 260 20 1.4 280
Qarğıdalı 0,8 160 40 1.0 200
Darı 0,8 160 20 0.9 180
Sorqo 0,5 100 40 0.7 140
Digər dənli və dənli paxlalılar (arpa, covdar, vələmir, noxud, mərci və s.) 0,8 160 20 0.9 180
Qarabaşaq 0,9 180 40 1.1 220
Yer fındığı 0,9 180 40 1.1 220
Zəfəran 2,0 400 40 2.2 440
Günəbaxan: 1,0 200 40 1.2 240
Tütün 1,4 280 40 1.6 320
Pambıq 1.1 220 40 1.3 260
Şəkər çuğunduru 1,4 280 50 1.65 330
Kartof 1,2 240 40 1.4 280
Tərəvəz 1,2 240 20 1.3 260
Bostan bitkiləri 1,1 220 20 1.2 240
Yonca 0,25 50 20 0.35 70
Digər bitkilər 0,5 100 30 0.65 130
Üzüm:
bağın salındığı ildən ilk 4 il ərzində 3,0 600 40 3.2 640
4 ildən sonrakı illər üzrə 1,2 240 10 1.25 250
Çay:
plantasiyanın salındığı ildən ilk 7 il ərzində 3,5 700 40 3.7 740
7-ci ildən sonrakı illər üzrə 1,2 240 10 1.25 250
İntensiv meyvə bağları:
bağın salındığı ildən ilk 4 il ərzində 3,5 700 30 3.65 730
4 ildən sonrakı illər üzrə 1,2 240 10 1.25 250
Digər meyvə bağları 1,2 240 10 1.25 250
Giləmeyvəlilər 1,0 200 30 1.15 230
Təkrar əkinlər 0,3 60 26 0.43 86