Bakı və Abşeronda “Kənddən Şəhərə” yarmarkaları keçiriləcək

Bakı və Abşeron ərazisində üç fərqli ünvanda iyunun 10-11-də “Kənddən Şəhərə” yarmarkalaraı təşkil olunacaq.

İndex.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, yarmarkaların təşkilində əsas məqsəd vətəndaşların kənd təsərrüfatı məhsullarına olan tələbatlarını yerli məhsullarla ödəmək, eyni zamanda fermerlər üçün alternativ satış kanalı yaratmaqdır. Həftəsonları ictimai nəqliyyatın fəaliyyətinə qoyulan məhdudiyyətlər nəzərə alınaraq vətəndaşların rahatlığını təmin etmək üçün budəfəki “Kənddən Şəhərə” yarmarkaları həftənin cümə və cümə axşamı günlərində keçiriləcək.

Yarmarkalarda satışa çıxarılacaq bütün məhsullar müxtəlif regionlarda fəaliyyət göstərən və yarmarkada iştirak üçün əvvəlcədən qeydiyyatdan keçən yerli fermerlər tərəfindən yetişdirilir. Məhsulların satışını da birbaşa həmin fermerlər həyata keçirirlər. “Kənddən Şəhərə” yarmarkalarında 40-a yaxın regiondan 100-dan artıq fermer tərəfindən 70-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulunun satışı baş tutacaq.

Qeyd edək ki, yarmarkalar karantin rejiminin tələblərinə əməl olunmaqla keçiriləcək. Yarmarkada iştirak edəcək fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla (tibbi maska, dezinfeksiyaedici maddələr, əlcək və.) da təmin olunacaqlar. Yarmarkaya alış-verişə gələcək vətəndaşlar temperaturları ölçüldükdən sonra yarmarka ərazisinə buraxılacaqlar. Həmçinin, yarmarkanın keçiriləcəyi müddətdə təşkilatçı qurum tərəfindən yarmarka ərazisində mütəmadi olaraq dezinfeksiya işləri aparılacaq və ziyarətçilərin sosial məsafəni qorumasına ciddi nəzarət olunacaq.

“Kənddən şəhərə” yarmarkalar aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:

– Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)

– Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)

– Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A.