Bu ilin əvvəlindən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) vəsaiti hesabına fermerlərə 30 milyon manatdan artıq kredit verilib.
İndex.az bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, həmin məbləğin 17 milyon manatdan çoxu güzəştli texnika krediti, 11 milyon manatı mikrokredit, 2 milyon manatı isə digər aşağı faizli kənd təsərrüfatı təyinatlı kreditlərdir. Bunlar arasında məbləğ baxımından texnika kreditləri üstünlük təşkil edir.
AKİA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ruslan Zeynal bildirib ki, hesabat dövründə fermerlərə 1195 mikrokredit, 685 güzəştli texnika krediti və 68 digər təyinatlı aşağı faizli kreditlər ödənilib. Ayrılan kredilərtdən 1948 fermer yararlanıb.
AKİA rəsmisi əlavə edib ki, ölkə prezidentinin 19 dekabr 2018-ci il tarixli fərmanı ilə təsdiqlənmiş qaydalara görə, kənd təsərrüfatı texnikasını əldə etmək istəyənlərin əvəzinə texnikanın dəyərinin 40%-ni dövlət ödəyir. Yəni, texnika alışının maliyyələşməsinə 40% güzəşt (subsidiya) verilir. Alıcı ilkin ödəniş kimi texnika dəyərinin 20%-ni edir. Yerdə qalan 40% isə fermerə müvəkkil kredit təşkilatları vasitəsi ilə güzəştli kredit və ya lizinq formasında verilir. Cari il ərzində fermerlər kreditlə 2442 texnika və avadanlıq əldə ediblər. Bunlardan 16-sı kombayn, 504-ü traktor, 94-ü suvarma sistemi, 1828-i isə digər texnika və avadanlıqlardır.
Heyvandarlığa da dövlət dəstəyi göstərilir. Belə ki, damazlıq heyvanın satış dəyərinin 60%-i dövlət hesabına ödənilir. Sahibkar ilkin ödəniş kimi 25%-i ödəməlidir. Damazlıq heyvanın dəyərinin qalan hissəsi isə kredit kimi rəsmiləşdirilir.
Fermerlərə təklif olunan mikrokreditlər illik 12%-lə, 1 il güzəşt dövrü olmaqla 3 ilə qədər verilir. Bu zaman fermerlərdən girov tələb olunmur. Mikrokreditlər üçün maksimal məbləğ 15 min manat təşkil edir.
Digər aşağı faizli kreditlər (damazlıq heyvan alışı və müxtəlif kənd təsərrüfatı təyinatlı) isə illik 7%-lə, 2 ilidək güzəşt dövrü və 5 ilədək müddətə verilir.