Ötən gün maraqlı bir hadisə baş verdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bəyan etdi ki, “Beta” şirkəti cərimələnib.
“Son günlər kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Lənkəran rayonunun Haftoni ərazisində “Beta” şirkətinə icarəyə verilmiş meşə fondu sahəsində ağacların kəsilməsi ilə bağlı məlumatların araşdırılması və müqavilə şərtlərinin icra vəziyyətinin yoxlanılması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin araşdırma Qrupunun ilkin yoxlamaları başa çatıb. Aparılan araşdırmalar zamanı “Beta” şirkəti ilə Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi arasında meşə fondu torpağının açıq sahəsində bağ salınması məqsədilə bağlanmış müqavilənin icrası prosesində kənara çıxmalara yol verildiyi və ərazidə kol-kosdan əlavə yaş ağacların da kəsildiyi aşkar olunub. Araşdırmaların nəticəsi olaraq kəsilmiş ağacların əvəzinə yenilərinin əkilməsi, təbiətə dəymiş ziyanın ödətdirilməsi və “Beta” şirkətinin cərimə olunması həyata keçirilir“, – deyə o bildirib.
Xidmət rəisinin sözlərinə görə, vəzifə öhdəliklərini layiqincə yerinə yetirməyən meşə xidməti işçiləri barəsində isə intizam tənbeh tədbirləri görülür.
İndi isə nazirliyin əvvəlki reaksiyalarına nəzər salaq. İyunun 30-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov Lənkəranda meşələrin qırılması ilə bağlı iddialara münasibət bildirib. Xidmət rəisi Milli Meşə Proqramına uyğun olaraq Lənkəran rayonunda meşə fondunun açıq sahələrinin potensialından səmərəli istifadə etmək məqsədilə açıq meşə fondu torpağının Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında çayçılığın inkişafı məqsədilə çay bağının salınması üçün “Beta Tea” şirkətinə qanunauyğun şəkildə icarəyə verildiyini qeyd edib.
Onun sözlərinə görə, ərazi kol-kos basmış quru sahələrdən və talalardan ibarət olub, ərazidə ağac kəsilməsi faktı olmayıb, olmayacaq və ağacların məhv edilməsindən də söhbət gedə bilməz: “Sözügedən ərazidəki talalar yanğına səbəb ola biləcək kol-kosdan, qurumuş ağaclardan təmizlənir. Ərazi nəzarətə götürülüb”.
Növbəti gün, yəni iyulun 1-də isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəis müavini Mehman Səfərov Lənkəranda meşələrin qırılması ilə bağlı iddiaların olduğu ərazidə olub, yerli sakinlərlə görüşüb.
Ərazidə sahibkar tərəfindən müqavilə şərtlərinin ziddinə olaraq heç bir ağacın kəsilmədiyini, əksinə, uzun illər kənd sakinlərinin, yaxınlıqdakı yaşayış evləri üçün yanğın təhlükəsi olan kol-kosun təmizləndiyini müşahidə ediblər. Yerli sakinlər də ərazinin təmizlənərək salınacaq çay plantasiyasında gələcəkdə yerli sakinlərin məşğulluğunun təmin olunması müsbət qarşılayıb.
Xidmətin rəis müavini Mehman Səfərov bildirib ki, ərazidə aparılan təmizlik işləri Milli Meşə Proqramına uyğun olaraq Lənkəran rayonunda meşə fondunun açıq sahələrinin potensialından səmərəli istifadə etmək məqsədi daşıyır: “Açıq meşə fondu torpağı “Beta Tea” şirkətinə qanunauyğun şəkildə icarəyə verilib. Kol-kos basmış quru sahələrdən və talalardan ibarət olan ərazidə heç bir ağac kəsilməsi faktı qeydə alınmayıb. Əksinə, meşələrin mühafizə olunması, qorunub saxlanılması məqsədi daşıyır. Eyni zamnda sahibkar tərəfindən əhalinin məşğulluğunun təmin edilməsi, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsində də rol oynayacaq”.
Nəticə çıxarmağı oxucularımızın öhdəliyinə buraxırıq.