2021-ci ilin yanvar-iyun ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4 milyard 370.4 milyon manat təşkil edib ki, onun da 2 milyard 153.7 milyon manatı heyvandarlıq, 2 milyard 216.7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.
Index.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 5.6 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2.4 faiz, bitkiçilik məhsulları üzrə isə 8.9 faiz artıb.
Bitkiçilik. Ölkədə yaz-tarla işləri başa çatıb. 2021-ci il iyul ayının 1-nə kimi 393.1 min hektar sahədə (2020-ci ilin 1 iyul vəziyyətinə 393.8 min hektar) yazlıq bitkilər, o cümlədən 61.1 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (ondan 32.3 min hektarı dən üçün qarğıdalı), 56.1 min hektar sahədə
kartof, 68.2 min hektar sahədə tərəvəz, 20.2 min hektar sahədə bostan bitkiləri, 100.5 min hektar sahədə pambıq, 11.1 min hektar sahədə dən üçün günəbaxan, 5.1 min hektar sahədə şəkər çuğunduru, 3.1 min hektar sahədə tütün, 65 min hektar sahədə çoxillik otlar, 1.1 min hektar sahədə birillik otlar və 1.6 min hektar sahədə sair bitkilər əkilib.
2021-ci il iyul ayının 1-nə kimi tarlalardan qarğıdalı da daxil olmaqla 2 milyon 627.7 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 10.8 faiz çox dənlilər və dənli paxlalı bitkilər, 391.2 min ton (6.2 faiz çox) kartof, 776.7 min ton (8.3 faiz çox) tərəvəz, 100.1 min ton (30.7 faiz çox) bostan məhsulları, 133.9 min ton (1.5 faiz çox) meyvə və giləmeyvə, 1 462,6 ton (10.3 faiz çox) tütün, 522.4 ton (23.7 faiz çox) yaşıl çay yarpağı yığılıb.
2021-ci il iyul ayının 1-nə ölkədə ümumi sahəsi 1.4 min hektar olan 3159 vahid istixana fəaliyyət göstərib. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında istixanalarda yetişdirilən əsas məhsullardan olan pomidorun istehsalı 17.2 faiz artaraq 213 min ton, xiyarın istehsalı 13.5 faiz artaraq 12.2 min ton olub.
Heyvandarlıq. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 3.1 faiz artaraq 268.5 min ton, süd istehsalı 1.8 faiz artaraq 1 milyon 75.3 min ton, yun istehsalı 0.1 faiz artaraq 14.6 min ton, barama istehsalı 10.2 faiz artaraq 491.3 ton, yumurta istehsalı isə 4 faiz azalaraq 951.3 milyon ədəd olub.
2021-ci il iyulun 1-i vəziyyətinə ölkə üzrə 8 milyon 267.3 min baş qoyun və keçi, 2 milyon 663.7 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 287.6 min baş inək və camış mövcud olub.
Cari ilin yanvar-iyun aylarında quşçuluq müəssisələrində diri çəkidə 36.1 min ton (keçən ilin yanvar-iyun aylarında 36.4 min ton) quş əti və 339.9 milyon ədəd (keçən ilin yanvar-iyun aylarında 402 milyon ədəd) yumurta istehsal olunub.
Ümumilikdə cari ilin 1 iyul vəziyyətinə bu müəssisələr üzrə quşların sayı 11 milyon 8.3 min baş olub, yanvar-iyun aylarında hər yumurtlayan toyuqdan orta hesabla 101 ədəd yumurta alınıb.