Qeydiyyata alınmış daşınmaz əmlakların sayı 38 % artıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 406 180 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.

İndex.az İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 38,1 % çoxdur.

Bu ilin 10 ayı üzrə göstəricinin 63 516-sı (16 %) ilkin, 342 664-ü (84 %) isə təkrar qeydiyyatın payına düşür.

Bu dövr ərzində mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 45 141-i fərdi yaşayış və bağ evi, 79 589-u mənzil, 271 939-u torpaq sahəsi, 2 660-ı qeyri-yaşayış binası, 6 163-ü qeyri-yaşayış sahəsi, 601-i əmlak kompleksi, 87-si isə çoxmərtəbəli yaşayış binasıdır. Bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 83 904-ü Bakının, qalanı isə bölgələrin payına düşür.

Eyni zamanda, bu ilin yanvar-oktyabr ayları ərzində 325 170 texniki pasport tərtib edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,7 % çoxdur. 2023-cü ilin 10 ayı ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 16,9 % artaraq 67 853 təşkil edib.