Banan niyə bahalaşıb? – SƏBƏB

Azərbaycanda bananın qiymətinin artmasının səbəbi məlum olub.

İndex.az xatırladır ki, bir neçə gün əvvəl ölkədə bananın satış qiyməti kəskin artaraq, 2,1-2,2 manatdan 2,8-3 manata yüksəlib.

Azərbaycana banan əsasən okeanın o tayından – Ekvadordan gətirilir. Banan idxalı ilə məşğul olan şirkətlərdən bildirilib ki, Ekvadorda bananın 1 kiloqramının qiymətində 0,03 dollar (5 qəpik) artım var (FED.az). Bundan başqa, daşıma qiyməti də yüksəlib. 2021-ci ildə bananla yüklənmiş 1 konteynerin daşıma xərci 6 000 dollar olduğu halda, 2022-ci ildən bu qiymət 9 000 dolara yüksəlib. Yəni, hər konteynerin daşınmasında 3 000 dollar fərq yaranıb. Nəticədə bir kiloqram bananın daşıma xərci 0,12 dollar artıb (təqribən 0,20 manat).

Şirkətlərdən bildirilib ki, ölkəyə banan gətirən gəmilərin hərəkətində gecikmələr var:

“Əksər şirkətlərin gətirdiyi banan partiyası eyni gəmidə olduğuna görə, qıtlıq hiss olunub. Amma fevralın əvvəlində bütün şirkətlərin malı ölkəyə çatacaq və qiymətlər azalacaq.”

Başqa sözlə, bananı bahalaşdıran 3 səbəbdən 1-i gəmilərin gecikməsi müvəqqətidir və gəmilərin təyinat ölkəsinə çatmasından sonra qiymətlərin enməsinə səbəb olacaq. Bununla yanaşı, digər iki səbəb – bananın və onun daşıma qiymətinin artması müvəqqəti deyil və özünü bundan sonrakı satış qiymətində də göstərəcək.

Bununla yanaşı, idxalçılar və satış şirkətləri bu artımın hiss edilməməsi üçün kampaniyalara başlamağı planlaşdırırlar.

Fed.az