Bakı Ekspo Mərkəzində 18-20 may tarixində 15-ci Yubiley Azərbaycan beynəlxalq kənd təsərrüfatı “Caspian Agro 2022” sərgisi keçiriləcək.
İndex.az “Caspian Event Organisers” şirkətinə istinadən xəbər verir ki, sərgidə Azərbaycan, ABŞ, Gürcüstan, Hollandiya, İspaniya, İsrail, İtaliya, Rusiya, Türkiyə və Ukraynadan olan şirkətlər iştirak edəcək.
Kənd təsərrüfatının müxtəlif sahələrində innovasiyalar həmişə sərginin tərkib hissəsi olub və bu il də istisna deyil. “Caspian Agro 2022” yüksək texnologiyalara fokuslanaraq “ağıllı” kənd, əşyaların interneti, süni intellekt, İT xidmətləri, pilotsuz uçuş aparatları (dronlar), eləcə də robot kompleksləri kimi bölmələri əhatə edən “Smart Agro” istiqamətini təqdim edir. Üç gün davam edəcək sərgi zamanı kənd təsərrüfatı sahəsində innovativ texnologiyalar müzakirə olunacaq və sahibkarlar ilə sərgi iştirakçıları arasında işgüzar görüşlər keçiriləcək.
“Smart Agro” bölməsində artıq icrasına başlanan və eləcə də işğaldan azad edilmiş Qarabağ ərazilərində həyata keçirilməsi planlaşdırılan layihələr təqdim olunacaq.
“Caspian Agro 2022” sərgisi Kənd Təsərrüfatı Nazirliyinin aktiv dəstəyi və iştirakı ilə keçirilir. Sərgi, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları “Caspian Event Organisers” və xarici tərəfdaşlarıdır.