Son aylarda marketlərdə və səyyar satış obyektlərində kənd təəsrrüfatı məhsullarının qiymətində bahalaşma baş verib. Qiymətlərin artmasında süni amillər də istisna olunmur. Bəs bu artımlar fermerlərə, kənd adamlarına nə dərəcədə faydalıdır?
İndex.az-ın suallarını iqtisadçı Eldəniz Əmirov cavablandırıb. Bildirib ki, yerli kənd təsərrüfatı məhsullarının bahalaşmasını şərtləndirən əsas səbəblər maya dəyərinin qalxması ilə bağlıdır. Dizel yanacağının, digər enerji daşıyıcılarının, suyun qiymətinin artması nəticədə məhsulları da bahalaşdırıb:
“Kənd təsərrüfatı məhsullarının bahalaşmasında digər amil əməkhaqlarının artmasıdır. Burada inflyasiya tələblərinə uyğun qalxma müşahidə edilməsə də əməyin ödənişlərində müəyyən həcmdə artım həmin məhsulların maya dəyərinin qalxmasına gətirib çıxarıb. Bu məhsulların bahalaşmasında birinci mərhələdə olan qiymət artımı bilavasitə maya dəyəri və yanacağın qiyməti ciddi rol oynayır. İkinci mərhələdə, yəni real olaraq böyük şəhərlərdə, bazarlarda qiymətdəki bahalaşma isə ortada olan vasitəçilərin təsiri ilə baş verir. Bu zaman tarladan çıxan məhsulun qiyməti ilə bazarda olan qiymətlər arasında kəskin fərq ortaya çıxır”.
Son mərhələdə məhsullara vasitəçilərin süni qiymət artımının ciddi təsir etdiyini deyən E.Əmirov kənd təsərrüfatı istehsalçılarının, fermerlərin bu qiymət artımından lazımi səviyyədə bəhrələnmədiklərini vurğulayıb. Mövcud qiymət artımından onlara çox kiçik bir fayda toxunduğunu bildirib. Bahalaşmanın fermerlərə daha çox xeyir gətirməsi üçün ortadakı vasitəçilərin sayının azalmasını məqsədəuyğun sayıb:
“Mövcud qiymət artımları ilə bağlı fermerlərin məhsulunun son satışda əldə olunan vəsaitinin kəndlinin xeyrinə olması çox vacibdir. Son istehlakçı ilə istehsalçı arasında olan subyektlərin sayı nə qədər az olarsa, bir o qədər qiymət artımında kəndli daha çox faydalana bilər. Başqa sözlə, kəndlinin bazarlara birbaşa çıxışının təmin olunması daha çox faydalıdır. Buna görə də bu istiqamətdə hazırda müəyyən layihələr icra olunur. Eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi KOB subyektlərinə iri ticarət mərkəzlərində, şəbəkələrində müəyyən yerlərin icarəyə götürülməsi və fermerlərin mallarının satışı ilə bağlı dəstəklər göstərir. Ancaq bu işlər bütün respublikanı əhatə etmir. Yeni işə başlayan təsərrüfat subyektləri üçün ən azı bazarlarda məhsulunun tanıdılması üçün bir dəstək formasıdır”.
E.Əmirov fermerlərin yetişdirdikləri məhsuldan daha çox fayda görməsi üçün aqrar sahədə yeni yanaşmaların yetərli olmadığını deyib. Bu sahədə yeni texnologiyaların tətbiqinə böyük ehtiyac olduğunu vurğulayıb:
“Azərbaycan kəndlisinin məhsulu xarici məhsullara daxili bazarda belə rəqabətdə uduzur. Çünki xarici məhsulların maya dəyəri daha ucuz başa gəlir. Çünki kənd təsərrüfatı məhsulları daha innovativ tətbiqlər vasitəsilə kütləvi istehsal olunur. Bu da məhsuldarlığı artırır. Nəticədə hər məhsul vahidinə düşən maya dəyərinin məbləği aşağı düşür. Bu da məhsulun birbaşa rəqabət qabiliyyətini formalaşdırır. Ona görə də bizdə də istər suvarma sahəsində, istər gübrələnmə, toxum və digər istiqamətlərdə yeni yanaşmaların tətbiqi çox vacidbdir”.
Eyni zamanda kənd təsərrüfatı məhsullarının emal sahələrinin yaradılmasını təklif edən E.Əmirovun fikrincə, məhsullar tarladan birbaşa satışa deyil, emal sahələrinə gedərsə, onların gəlirliliyi, kəndlinin məhsuldan qazancı daha çox arta bilər. Emal olunmuş məhsulun bazara çıxarılması daha səırfılidir.