“Soğan və kartofun qiymətinin bahalaşması qıtlıqla əlaqədardır”.
İndex.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında kənd təsərrüfat məhsulları üzrə ekspert Vahid Məhərrəmov kartofun qiymətinin bahalaşmasından danışarkən deyib. Onun sözlərinə görə, mövsümün bahalaşma ilə heç bir əlaqəsi yoxdur:
“Artıq bazarlara təzə kartof çıxıb. Əvvəllər təzə kartof daha çox Rusiyaya göndərilirdi. İndi isə göndərilmir və daxili bazara çıxarılır. Belə olan halda nə baş verməli idi? Kartof ucuzlaşmalı idi. Amma realda nə baş verdi? Qiymət daha da artdı. Yəni, bahalaşma qıtlıqla bağlıdır”.
Vahid Məhərrəmov deyir ki, uzun müddətdir Azərbaycan özünün hətta meyvə-tərəvəzə olan təlabatını tam ödəyə bilməməsi ilə bağlı açıqlamalar verilir:
“Söhbət norma və təlabatdan gedir. Bu da ödənilə bilmir. Ona görə də bazarlarda belə kəskin qiymət dəyişməsini müşahidə edirik. Yəni, tələb kifayət qədər deyilsə, təklif tələbi ödəyəcək qədər deyilsə, belə hallar baş verir”.
Ekspert təklif edir ki, kəndliləri maarifləndirmək lazımdır: “Necə etmək lazımdır ki, məhsuldarlıq artsın. Məhsuldarlıq artanda bizim məhsullarımız çox olacaq və anbarlarda saxlanılacaq. İl boyu Azərbaycan əhalisi həmin məhsulla təmin olunacaq. Kartofu da il boyu saxlamaq mümkündür”.
Qeyd edək ki, Azərbaycanda kartof və soğanın qiyməti bahalaşıb. Paytaxt bazarlarında 1 manat 20 qəpiyə satılan kartofun qiyməti bahalaşaraq, 1 manat 70 qəpik təşkil edib. Soğanın qiyməti isə 1-1,5 manat arasında dəyişir.