235 mindən çox fermerə 152 milyon manat subsidiya verilib

Bu gün Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən payızlıq əkinlərə görə 6424 fermerə, ümumilikdə 12 milyon 195 min manat subsidiya ödənişi həyata keçirilib.

İndex.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən verdiyi məlumata görə, bu gün ödənilən subsidiyalar 59 min 709 hektar əkin sahəsini əhatə edir.

Bununla da 2021/2022-ci il üçün ümumilikdə 768 min 520 hektar əkin sahəsi üzrə 235 min nəfərdən çox fermerə payızlıq əkin subsidiyası ödənilib. Ödənişin ümumi miqdarı 151 milyon 700 min manatdan çoxdur.

Qeyd edək ki, subsidiyalar kənd təsərrüfatı məhsulları istehsalçılarının “Fermer kartı”na köçürülür. Fermerlər qanunvericiliyə uyğun olaraq, karta köçürülmüş vəsaitin 25 faizini bankomatlar vasitəsilə nağdlaşdıra, 75 faizini isə qeyri-nağd şəkildə kənd təsərrüfatı istehsal vasitələri, o cümlədən mineral gübrə, pestisid, bihomus, herbisid, toxum ala bilər, həmçinin meyvə bağlarında müasir suvarma sistemlərinin alınmasına və qurulmasına sərf edə bilərlər.