Dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə daxilolmalar 77% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 95,5 milyon manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə isə 77,2 % çoxdur.

İndex.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə 1 il əvvələ nisbətən 10,4 % az – 43 özəlləşdirmə hərracı keçirilib. Hərraclarda 9 səhmdar cəmiyyətinin səhm paketi (35,7 % az), 13 kiçik dövlət müəssisəsi (18,2 % çox), 3 yarımçıq tikili sahəsi (50 % çox) və 382 nəqliyyat vasitəsi (6,8 % çox) özəlləşdirilib.

9 ayda hərraca çıxarılmış dövlət əmlakı üzrə 206 elektron sifariş (36 % az) qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 44 onlayn qoşulma (48,8 %) reallaşıb.

Hesabat dövründə investisiya müsabiqələri vasitəsilə özəlləşdirilmiş müəssisələrə ümumilikdə 10,4 milyon manata yaxın vəsait qoyuluşu həyata keçirilib, müqavilə öhdəliklərinin icrası başa çatmış müəssisələrdə 221 iş yeri yaradılıb.