İcmal büdcəsinin kəsirində əhəmiyyətli azalma olacaq

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın builki icmal büdcəsinin kəsirinin ÜDM-ə nisbətinin əhəmiyyətli dərəcədə daralaraq 0,2% təşkil edəcəyini gözləyir.

İndex.az agentliyə istinadən xəbər verir ki, 2022-ci ildə bu göstəricinin bir qədər artaraq ÜDM-in 0,7%-nə bərabər olacağı proqnozlaşdırılır. Agentlik qeyd edir ki, “BB+” səviyyəsinin median göstəriciləri isə müvafiq olaraq 5,2% və 3,6% təşkil edir. İcmal büdcəsinin kəsirinin azalmasının əsas drayverləri kimi, yüksək neft qiymətləri, “OPEC+” razılaşması çərçivəsində hasilatın artırılması və qeyri-neft ÜDM-nin bərpası göstərilir.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun yenilənmiş proqnozlarına görə, bu il Azərbaycanın icmal büdcəsinin kəsirinin ÜDM-ə nisbəti 5,2%, gələn il isə 2,3% təşkil edəcək. Dünya Bankı isə Azərbaycanın icmal büdcəsinin kəsirinin ÜDM-ə nisbətinin bu il 2,5% təşkil edəcəyini, 2022-ci ildə isə profisitə qayıdaraq ÜDM-in 2,8%-nə bərabər olacağını proqnozlaşdırır.

Faktiki göstəricilərə gəldikdə, ötən il Azərbaycanın icmal büdcəsinin gəlirləri 24,463 mlrd. manat, xərcləri isə 29,160 mlrd. manat təşkil edib. Yaranmış kəsir 4,698 mlrd. manata bərabər olub ki, bu da ÜDM-in 6,5%-ni təşkil edib.

APA-Economics