Mayın 19-da “Bakı Fond Birjası” QSC-də “Unibank” ASC-nin səhmlərinin alqı-satqısı üzrə 1 əqd bağlanılıb.
İndex.az xəbər verir ki, əqd Bankın 2,72 manat nominal dəyərə malik 562,5 min səhminin (1,53 milyon manatlıq) realizə edilməsini nəzərdə tutur.
Bu isə kredit təşkilatının dövriyyədə olan səhmlərinin 1,2%-i deməkdir.
Məsələ ilə bağlı “Unibank”ın İdarə Heyətinin sədri Faiq Hüseynov “Report”a bildirib ki, alqı-satqı Bankın mövcud kiçik səhmdarları arasında olub, yəni kredit təşkilatına yeni səhmdar gəlməyib.
Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı – 1992-ci ildən fəaliyyət göstərən “Mbank” və 1994-cü ildən mövcud olan “Promtexbank”ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 125,686 milyon manatdır. Bankın səhmlərinin 86,4%-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 13,6%-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.
©Report