Bu il iyulun 1-nə Azərbaycan banklarının kredit qoyuluşu 15 milyard 258,1 milyon manat təşkil edib.
İndex.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 1,3 %, ilin əvvəlinə nisbətən 5 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 4,9 % çoxdur.
Kredit qoyuluşunun 11 milyard 974,5 milyon manatı və yaxud 78,5 %-i özəl bankların payına düşüb. Bu, illik müqayisədə 3,4 % çoxdur.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 2 milyard 882,3 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 11,5 % çoxdur. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 17,8 %-dən 18,9 %-ə qalxıb.
İyunun sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 401,2 milyon manat olub. Bu isə illik müqayisədə 5,3 % çoxdur. İl ərzində BOKT-ların kredit qoyuluşundakı xüsusi çəkisi isə dəyişməyərək 2,6 % səviyyəsində qalıb.
Report